BAKI, 3 fevral. TELEQRAF

ABŞ və İran qarşıdakı günlərdə Türkiyədə danışıqlar aparacaq, amma Tehran Vaşinqtonun tələbləri qarşısında tam təslim olmasa, Amerika hərbi əməliyyatlara əl atacaq.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin “Maariv” qəzeti yazıb.

Nəşr bildirib ki, ABŞ Prezidenti Donald Tramp böyük dəyənəklə meydandadır, amerikalılar İran ətrafında ciddi hərbi hazırlıqlar görüblər. Bölgəyə hava eskadrilyaları, bombardmançılar, aviadaşıyıcı gəmilər, destroyerlər, sualtı gəmilər, hava müdafiə sistemləri və digər avadanlıqlar göndərilib.

“Maariv” qeyd edib ki, Vaşinqtonun Tehranla danışıqlarda şərtləri bunlardır: zənginləşdirilmiş uranın təhvil verilməsi, nüvə proqramının tam ləğvi, ballistik raket proqramının dayandırılması və Yəmən, İraq, Suriya, Livan və Qazza zolağında proksi qüvvələrinə maliyyə və silah dəstəyinin kəsilməsi.

“Əsas sual isə budur: İran İslam Respublikası prinsiplərindən geri çəkilməyə və tam təslim olmağa hazır olacaqmı, yoxsa yox?”, - İsrail nəşri əlavə edib.