BAKI, 7 yanvar. TELEQRAF
“Şərait yaranan kimi İrana qayıtmağa və son mübarizəni həmvətənlərimlə birlikdə idarə etməyə hazıram”.
Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi ölkədə davam edən etiraz aksiyaları barədə “Fox News”a deyib.
“Həmvətənlərimin xahişi ilə bu zülmdən demokratiyaya keçidə rəhbərlik etmək üçün bir addım irəli atmışam. Mənim rolum həmvətənlərimə bu məqsədə çatmaqda kömək etməkdir ki, milli referendum və Təsisçilər Məclisi vasitəsilə sülh yolu ilə həllə nail olsunlar. Son nəticə barədə bitərəfəm, yetər ki, dünyəvi demokratiya qurulsun. Bütün ömrüm boyu özümü millətimə xidmət etmək üçün hazırlamışam. Onlara xidmət etmək və bu məqsədə çatmaqda kömək etmək üçün buradayam və şərait tələb edən kimi İrana daxil olmağa və son mübarizəni idarə etmək üçün həmvətənlərimin yanında olmağa həmişəkindən daha çox hazıram”, - o qeyd edib.
Pəhləvi İranın Ali dini rəhbəri Əli Xameneinin son durumu və ölkədən qaçmağa hazır olub-olmaması barədə sualı cavab olaraq vurğulayıb:
“Kim bilir. Amma hər halda rejim dağılma mərhələsindədir, süquta çox yaxındır”.