BAKI, 22 noyabr. TELEQRAF

Türkiyə Daxili İşlər Nazirliyi paytaxt Ankara şəhərinin bələdiyyə sədri Mansur Yavaş və katibi Nevzat Uzunoğlunu vəzifə səlahiyyətlərindən sui-istifadə və audit prosedurlarını pozmaq ittihamı ilə istintaqa icazə verib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Məlumata görə, istintaq bələdiyyə tərəfindən paytaxtda məşhur türk müğənnilərinin iştirakı ilə keçirilmiş konsertlər silsiləsinin tender yolu ilə təşkil olunması məsələsinə aiddir.

Bir sıra nəzarət qurumları və xidmətlərin hesabatlarına, eləcə də Hesablama Palatasının ilkin araşdırmasının nəticələrinə əsasən müəyyən edilib ki, bələdiyyə 32 konsertin təşkili zamanı 154,4 milyon lirə (3,6 milyon dollar) məbləğində zərər görüb.

İstintaq çərçivəsində sentyabrda aralarında keçmiş bələdiyyə rəsmiləri və konsert təşkil edən şirkətin vəzifəli şəxslərinin də olduğu 14 şübhəli saxlanılıb. Onlara vəzifə səlahiyyətlərindən sui-istifadə və tenderlərin keçirilməsi zamanı sövdələşmə ittihamları irəli sürülüb. Bu iş üzrə ilk məhkəmə iclası 2026-cı il yanvarın 6-da keçiriləcək.

Xatırladaq ki, İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlu bu ilin martında korrupsiya ittihamı ilə həbs edilib.