BAKI, 3 iyul. TELEQRAF

2024-cü il sentyabrın ortalarında İsrail Livana qarşı müharibəsini genişləndirdikdən sonra “Hizbullah” Hərəkatının canlı qüvvə və texnika itkiləri ikiqat artıb.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” məlumat yayıb.

Səudiyyə Ərəbistanı telekanalı bildirib ki, əməliyyatların genişlənməsindən və itkilərin artmasından sonra “Hizbullah” İsraillə sərhəd bölgəsindəki hərbi mövcudluğu azaldaraq, əsas qüvvələrini geri çəkib:

“2021-ci ilin oktyabrında “Hizbullah”ın o vaxtkı lideri Həsən Nəsrullah tarixdə ilk dəfə olaraq peşəkar və döyüş hazırlığı keçmiş silahlılarının sayının 100 min olduğunu açıqlamışdı. Amma təxminən 10 min döyüşçünün İsraillə son müharibə səbəbindən hərəkatın sıralarından kənarda qaldığı və “Hizbullah” silahlılarının sayının hazırda təqribən 60 min olduğu bildirilir.

Mənbələrə görə, son müharibə zamanı hərəkatın hərbi komandirləri, hərbi hissələrin rəhbərləri və müxtəlif bölmələrin üzvləri də daxil olmaqla, 4 mindən çox üzvü ölüb, 3 mini yaralanıb. 2 minə yaxın döyüşçü də xəsarət və ya müharibə səbəbindən yox, Həsən Nəsrullahın ötən ilin sentyabrında öldürülməsindən dərhal sonra “Hizbullah”ın sıralarını könüllü tərk edib”.