BAKI, 24 iyun. TELEQRAF
“İran atəşkəsi pozub, buna cavab veriləcək”.
Teleqraf xəbər verir ki, bunu İsrail Prezidenti İsxak Hersoq deyib.
“İran atəşkəsi pozdu. Məsul orqanlar buna uyğun qərar verəcəklər”, - prezident vurğulayıb.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri bundan öncə İran Silahlı Qüvvələrinin atəşkəs razılaşmasına baxmayaraq, ölkənin şimal ərazilərinə ballistik raketlər atdığını açıqlayıb. Hava hücumundan sonra bölgədə xəbərdarlıq siqnallarının işə salındığı və İranın hava məkanı üzərində iki ballistik raketinin vurulduğu bildirilib.
İran Silahlı Qüvvələri İsrailin bəyanatını təkzib edib.
ABŞ Prezidenti Donald Tramp iyunun 24-də İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.