BAKI, 13 may. TELEQRAF
Prezident Donald Tramp ABŞ-yə 1 milyard dollara başa gələn və hərbi üstünlük gətirməyən 30 günlük əməliyyatdan sonra Yəmənə hücumları dayandırıb.
Teleqraf xəbər verir ki, bu barədə Pentaqonun daxili hesabatına istinad edən “The New York Times” (NYT) nəşri yazır.
Sənədə görə, ABŞ hərbi hava qüvvələri havada üstünlüyü təmin edə bilməyib. Husilər pilotsuz uçuş aparatlarını "misli görünməmiş tezliklə" vurub, onların infrastrukturunu yüksək dəqiqlikli silahlarla məhv etmək cəhdləri isə uğursuz olub. Üsyançıların F-16 və F-35 qırıcılarını vurmaq ehtimalı bu təhlükəni daha da gücləndirib.
Vasitəçi kimi çıxış edən Oman Vaşinqtona İsrailin iştirakı olmadan Yəmənlə birbaşa danışıqlar müqabilində münaqişədən çıxmaq imkanı təklif edib. Tramp "Ənsar Allah" təşkilatının 12 liderinin məhv edilməsini tələb edən Səudiyyə Ərəbistanının təzyiqinə baxmayaraq, bu təklifə razılaşıb. Nəticədə, qarşıya qoyulmuş hədəflərin heç birinə nail olunmayıb.