Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib. Teleqraf.com xəbər verir ki, hadisə Zaqatala-Danaçı-Aşağı Çardaqlar avtomobil yolunda qeydə alınıb.
Rayonun Danaçı kənd sakini, 28 yaşlı Cəfər Murtuzov idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən anidən idarəetməni itirib.
Nəticədə avtomobil aşıb və 80 metrə qədər məsafəni yuvarlanıb. Sürücü Cəfər Murtuzov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.
Daha bir yol qəzası Şəmkir rayonunda baş verib. hadisə rayonun Posanlı kəndində qeydə alınıb. Kənd sakini, 47 yaşlı Eynar İsmayılov idarə etdiyi “VAZ 2107” ilə hərəkətdə olarkən idarəetməni itirib, nəticədə maşın yolun kənarındakı divara çırpılıb.
Qəza zamanı xəsarət alan sürücü xəstəxanaya aparılıb. Vəziyyətinin normal olduğu bildirilir. Qəzanın sürücünün sərxoş olması səbəbindən baş verdiyi bildirilir.
Oxşar hadisə Hacıqabul rayonunda da qeydə alınıb. Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonundan keçən hissəsində, Atbulaq kəndində baş verib. Ələddin Əliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil kənd sakini 37 yaşlı Rəhimov Elnur Haqverdi oğlunu vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı hadisə şahidləri tərəfindən xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.
Bakı-Qazax avtomobil magistralının Goranboy rayonunun Borsunlu kəndindən keçən hissəsində yol qəzası baş verib. Bakı-Gəncə marşrutu ilə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu “VAZ 21011” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində minik avtomobilində olan 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Lənkəran şəhərində də yol-nəqliyyat hadisəsi baş verib. Sürücülərinin kimliyi hələlik məlum olmayan “Qazel” markalı yük maşını ilə “Opel – Astra” markalı minik avtomobili toqquşub.
Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib, həmçinin “Opel-Astra”-nın sərnişini, Lənkəran şəhər sakini, 1984-cü il təvəllüdlü Anar Rəhmanov aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində ölüb, sürücü isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Hacı Zeynalov