BAKI, 31 mart. TELEQRAF

Martın 30-da paytaxtın Xəzər rayonu, Şağan qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Qamət Teymurovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Teleqraf-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

İlkin araşdırmalarla 1990-cı il təvəllüdlü Qismət Teymurovun aralarında yaranmış mübahisə zamanı Qamət Teymurovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Qismət Teymurov iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub

***

11:57

Bakının Şağan qəsəbəsində baş vermiş qardaş qətlinin bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın məlumatına görə, qardaşı Qismət Teymurov tərəfindən ov tüfəngi ilə öldürülən 1985-ci il təvəllüdlü Qamət Teymurov əvvəllər məhkumluq həyatı yaşayıb.

O, qəsəbə sakini Ayfər adlı şəxsi qətlə yetiribmiş.

Qamət azadlığa çıxandan sonra mərhum Ayfərin qardaşı onu ov tüfəngi ilə yaralayıb. Bu səbəbdən Qamət bir müddət xəstəxanada da müalicə olunub.

Qonşuların bildirdiyinə görə, iki qardaş arasında münaqişə isə Qamətin içki aludəçisi olması səbəbindən baş verib. Onların davası zamanı Qismət qardaşı Qaməti birgə yaşadıqları evdə ov tüfəngi ilə qətlə yetirib.

Qeyd edək ki, ötən gün axşam saatlarında Xəzər rayonunun Şağan qəsəbəsində 1990-cı il təvəllüdlü Qismət Teymurov ailə münaqişəsi zəminində qardaşı 1985-ci il təvəllüdlü Qamət Teymurovu ov tüfəngi ilə qətlə yetirib.

Qismət Teymurov saxlanılıb.