BAKI, 26 mart. TELEQRAF

Bakının Xəzər rayonunda bir nəfərin ölümü ilə nəticələnən güllələnmə hadisəsinin bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın əldə etdiyi məlumata görə, xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 67 yaşlı Cavanşir Muradov ov tüfəngi ilə Məmmədhüseyn Əmirova atəş açmaq istəyib.

Bu zaman güllə münaqişənin qarşısını almaq istəyən Vaqif Əmirova dəyib. Hadisə zamanı Şəhriyar Muradoğlu da yüngül bədən xəsarətləri alıb.

Cavanşir Muradov ov tüfəngini Türkan qəsəbəsində yaşayan qızının evindən götürüb.

***

20:30

Martın 26-da axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.

DİN-in Mətbuat Xidmətindən Teleqraf-a bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib. Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.