BAKI, 1 aprel. TELEQRAF
Quba rayonunda 43 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin noyabrın 23-də baş verib. 1983-cü il təvəllüdlü Kamran yaşadıqları kənddə həmkəndlisi Həsən (adlar şərti verilib – red.) ilə mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı əl zərbəsi ilə Həsəni vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Kamranın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, noyabrın 23-də həmkəndlisi Həsən onu yaşadığı evə qonaq çağırıb: “Yemək yeyən zaman hər ikimiz spirtli içki qəbul etdik. Bundan sonra aramızda mübahisə yarandı. Mübahisə zamanı əlim ilə Həsənin üz nahiyyəsindən vurdum. Zərbənin təsirindən o, yerə yşxıldı. Mübahisə edən zaman hər ikimiz sərxoş vəziyyətdə olduğmuz üçün hadisəni tam təfərrüatı ilə xatırlamırıq”.
Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edib. O, törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olmasını bildirib və barəsində amnistiya aktının tətbiq olunaraq cinayət məsuliyyətindən azad edilməsini xahiş edib.
Quba Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndləri tətbiq edilib və barəsində olan cinayət təqibinə Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.