MASALLI, 1 aprel. TELEQRAF

Masallı rayonunun Qızılağac kəndində baş verən yanğınla bağlı bəzi təfərrüatlar məlum olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, kənddə qeydə alınan hadisə zamanı evlərin birində yanğın baş verib.

Həmin vaxt evdə olan azyaşlı — 2024-cü il təvəllüdlü Məmmədzadə Məhərrəm Mehman oğlu — alovun içində qalıb.

Onu xilas etmək istəyən babası, 1967-ci il təvəllüdlü Abdullayev Camaləddin Həsnağa oğlu dərhal evə daxil olub. Lakin o, evin giriş hissəsində tüstüdən zəhərlənərək huşunu itirib.

Nəticədə həm baba, həm də nəvə yanaraq faciəli şəkildə həyatını itirib.

Onu da qeyd edək ki, Məhərrəm bir müddətdir anası ilə birlikdə nənə və babasının evində yaşayırmış. Səhər saatlarında hadisə baş verən zaman anası işdə olub. Evdə yanğın başladığını görən baba dərhal içəri daxil olaraq uşağı xilas etməyə çalışıb. Lakin məlum səbəbdən hər ikisi yanaraq həyatını itirib.

Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub, faktla bağlı araşdırma aparılır.