BAKI, 1 aprel. TELEQRAF

Gədəbəy rayonunda 45 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 17-də baş verib. 1981-ci il təvəllüdlü Cavad həmin gün saat 18 radələrində yaşadıqları kəndin ərazisində həmkəndlisi Tural (adlar şərti verilib – red.) ilə mübahisə edib.

Aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əlində olan belin taxtadan olan tutacaq hissəsi ilə əvvəlcə Turalın sol qol nahiyyəsinə, sonra isə belin dəmir hissəsi ilə baş nahiyyəsinə zərbə vurub.

Cavadın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Cavad ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Gədəbəy rayonunun kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur: “Zərərçəkmiş Tural qonşumdur. Onunla münasibətlərim normal olub, aralarında əvvəllər narazılıq baş verməyib. İyunun 17-də digər qonşumun oğlunun məzun olması ilə bağlı təşkil olunmuş məclisdə iştirak etdim. Məclisdə olarkən Tural mənə qarşı nalayiq ifadələr işlətdiyi üçün aramızda sözlə mübahisə oldu. Sonra özüm Turalı sakitləşdirdim və oradan uzaqlaşdım”.

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin gün, saat 18 radələrində bel ilə evinin yaxınlığında təsərrüfat işləri görərkən Turalı çağırıb: “Niyə məni söydüyünü soruşdum. O, yaxşı elədiyini dediyi üçün əsəbləşdim. Əvvəlcə belin taxta hissəsi, sonra isə dəmir hissəsi ilə onu vurdum. Sonra oradan getdim”.

Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkən onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb.

Quba Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.