BAKI, 20 oktyabr. TELEQRAF

Azərbaycan Şərqlə Qərb arasında strateji mövqeyindən istifadə edərək regionda sülh, sabitlik və təhlükəsizliyin təşviqinə töhfə verir.

Teleqraf xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı səfiri Tamaş Torma Macarıstanın Milli Günü münasibətilə Bakıda keçirilən rəsmi qəbulda deyib.

Diplomat bildirib ki, ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan beynəlxalq ictimaiyyətin güclü və etibarlı üzvüdür.

O, Azərbaycanın iqlim dəyişikliyi, dayanıqlı şəhərsalma və mədəniyyətlərarası dialoq sahələrində fəal rolunu da vurğulayıb:

“2023-cü ildən Macarıstanla Azərbaycanı genişləndirilmiş strateji tərəfdaşlıq birləşdirir. Ölkələr enerji sahəsində və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı davam etdirirlər”.

T. Torma əlavə edib ki, Macarıstanın tarixi təcrübəsi Azərbaycanın müstəqillik və suverenliyə verdiyi əhəmiyyəti anlamağa kömək edir.

Səfir hər iki xalqın öz gələcəyini müstəqil müəyyənləşdirmək əzmini yüksək qiymətləndirib.