BAKI, 1 sentyabr. TELEQRAF

"Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi bölgə xalqlarının maraqlarına cavab verir. Azərbaycan daim bu istiqamətdə təşəbbüslər göstərib və göstərməkdədir. Dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra regionumuzun əməkdaşlıq məkanına çevrilməsi üçün real zəmin yaranıb. Avqustun 31-də Bişkekdə Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü də sülh prosesi müstəvisində böyük əhəmiyyət kəsb edir".

Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.

Millət vəkilinin sözlərinə görə, ötən il avqustun 8-də Vaşinqton şəhərində baş tutmuş tarixi Zirvə Görüşündən sonra 30 il ərzində davam edən münaqişə tamamilə bitib, xalqlarımız üçün sülhün, qarşılıqlı etimad dövrünün əsası qoyulub:

"Bu görüşdən sonra ümumi müsbət atmosfer, sabitliyə və təhlükəsizliyə daha çox inam bizi irəliləməyə və inkişaf gündəliyimizə daha çox vaxt və resurs ayırmağa imkan verir. Artıq hər iki cəmiyyət sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi olur. Belə ki, artıq Azərbaycanın neft məhsulları, üçüncü ölkələrdən taxıl və digər məhsullar ölkəmizin ərazisindən keçməklə Ermənistana ixrac edilir.

Azərbaycan dövləti sübut etdi ki, Zəfər yalnız müharibədə qalib gəlmək deyil, həm də sülh yaratmaq və gələcək nəsillər üçün sabitlik təmin etməkdədir. Bu mənada Prezident İlham Əliyevin sülh təşəbbüsləri böyük siyasi iradəni, ədalətli sülhü və Azərbaycanın seçdiyi əməkdaşlıq yolunu tərənnüm edir. Dövlətimizin başçısının diplomatik məharəti sayəsində Cənubi Qafqaz artıq münaqişə zonası deyil, sabitlik, logistika və enerji mərkəzinə çevrilməkdədir. Buna görə də, dünya ictimaiyyəti Prezident İlham Əliyevin təqdim etdiyi sülh gündəliyini birmənalı olaraq qəbul edir".

Samir Vəliyev qeyd edib ki, hazırkı sülh prosesi regional təhlükəsizlik, əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir. Vaşinqton Sammitinin nailiyyətlərindən biri də Azərbaycanın Naxçıvan bölgəsi ilə maneəsiz bağlantını təmin edəcək "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsidir:

"Bu marşrut - Orta Dəhlizin növbəti mühüm seqmentinə çevriləcək TRIPP Asiyanı Avropa ilə birləşdirən, beynəlxalq yükdaşımalarının tranzit imkanlarının genişlənməsinə, region ölkələrinin rifahına və onların qlobal təchizat zəncirlərinin inteqrasiyasına səbəb olacaq. Hazırda bu layihənin reallaşdırılması istiqamətində praktiki addımlar atılır. Liderlərin görüşündə də Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparılıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyəti qeyd edilib".

Samir Vəliyev qeyd edib ki, Vaşinqton razılaşmaları Ermənistan üçün də önəmli faydalar gətirir. Belə ki, ötən bir ildə Azərbaycan Ermənistana yük daşımaları üçün hər cür şəraiti yaradıb:

"Qazaxıstan və Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana buğda və başqa məhsullar daşıyıb. Azərbaycandan isə Ermənistana neft məhsullarının ilk ixracı ötən ilin dekabrında başlayıb. Rəsmi Bakının bu istiqamətdə Ermənistana neft və neft məhsullarını davamlı tədarük etməsi bu ölkədə yanacağın qiymətinin tənzimlənməsinə, monopoliyanın zəifləməsinə təsir göstərib. Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir. Prezident İlham Əliyevlə Nikol Paşinyanın Bişkek görüşündə də Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.

Bundan əlavə, görüşdə Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edilib. 2024-cü ilin may ayında Azərbaycan və Ermənistan birbaşa danışıqlar sayəsində sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də razılığa gəldilər. Bu razılıq nəticəsində Azərbaycanın Qazax rayonunun işğal altında olan 4 kəndi dinc yolla geri qaytarıldı. Eləcə də, iki ölkə arasında dövlət sərhəddinin 13 kilometrə yaxın hissəsi rəsmi olaraq müəyyənləşib. Bu ilin aprelində isə Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Ermənistana səfər etməsi də rəsmi Bakının sülh prosesinə, əməkdaşlığa sadiqliyinin ifadəsidir".

“Birmənalı olaraq bu və digər razılaşmalar Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində mümkün olub. Rəsmi Bakı Vaşinqton görüşündə əldə edilən razılığa və imzalanan sənədlərə uyğun olaraq sülh, normallaşma prosesinə töhfələr verir. Prezident İlham Əliyevlə Nikol Paşinyanın görüşü də dövlətimizin başçısının regionda lider statusunun və bölgədə sülh təşəbbüsünün müəllifi olduğunun Ermənistan tərəfindən qəbul edilməsinin növbəti dəfə təsdiqidir. Əgər Ermənistan Azərbaycanın haqlı olaraq irəli sürdüyü şərti - Ermənistan konstitusiyasında dəyişiklikləri yerinə yetirdikdən sonra sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması da bütün region üçün faydalı əməkdaşlıq platforması olacaq. Bütün bunlar isə Cənubi Qafqaz üçün yeni perspektivlər açacaq” - deyə Samir Vəliyev vurğulayıb.