İSRAİL, 1 sentyabr. TELEQRAF
Azərbaycanlı jurnalistlər İsrailə səfər çərçivəsində HƏMAS-ın 7 oktyabr 2023-cü il hücumlarının baş verdiyi əraziləri ziyarət ediblər.
Teleqraf-ın İsrailə ezam olunmuş əməkdaşı xəbər verir ki, jurnalistlər 7 oktyabr 2023-cü il hadisələrinin canlı şahidləri ilə görüşərək həmin gün baş verənlər barədə onların dilindən məlumat alıblar.
Jurnalistlər Qəzza sərhədində yerləşən Nahal Oz Kibbutzda olublar. Burada yaşayan Oşrit Sabag 7 oktyabr 2023-cü il hücumlarından sonra ailəsi ilə bağlı keçirdiyi narahatlıqlardan danışıb.
Onun sözlərinə görə, hücumdan sonra Kibbutz sakinlərinin bir hissəsi ərazini tərk edib: “Bu, həyatımda ilk dəfə idi ki, ailəmi düşündüm. Öz-özümə soruşurdum: burada qalmalıyam, yoxsa getməliyəm? Uşaqlarımı belə bir terrorun yanında böyütməliyəm”.
O, ailəsinin bölgə ilə tarixi bağlarının olduğunu vurğulayıb və özünü Yaxın Şərqin yerli sakini hesab etdiyini bildirib: “Bu, mənim evimdir. Bu ailə terrora görə daha köçməyəcək. Buna öyrəşin”.
O. Sabag Qəzzada yaşayan bütün insanların terrorçu olmadığını da vurğulayıb: “Bütün qəzzalıların terrorçu olduğuna inanmıram və heç vaxt buna inanmayacağam”.
Daha sonra azərbaycanlı jurnalistlər Nova Festivalı memorialını ziyarət ediblər.
Burada jurnalistlər 7 oktyabr 2023-cü il hücumundan sağ çıxmış Mazal Tazazo ilə görüşüblər.
M. Tazazo jurnalistlərə festival zamanı baş verən hadisələr və həmin gün yaşadıqları barədə danışıb.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə HƏMAS İsrailin Qəzza sərhədinə yaxın yaşayış məntəqələrini və Nova musiqi festivalının keçirildiyi ərazi hədəfə alınıb. Hücum zamanı çox sayda insan öldürülüb və girov götürülüb. İsrail isə bundan sonra Qəzza zolağında hərbi əməliyyata başlayıb.