BAKI, 1 sentyabr. TELEQRAF

Türkiyə Prezident Administrasiyası Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüş barədə məlumat yayıb.

Teleqraf xəbər verir ki, məlumatda liderlərin Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal hadisələri müzakirə etdikləri bildirilib.

Prezident Ərdoğan mövcud regional şəraitin Türkiyə ilə Azərbaycan arasında, xüsusən də enerji, infrastruktur və nəqliyyat sahələrində əməkdaşlığın əhəmiyyətini daha da aydınlaşdırdığını qeyd edib. O, “bir millət, iki dövlət” prinsipi əsasında bütün sahələrdə münasibətlərin dərinləşdirilməsinin hər iki ölkəyə fayda verəcəyini deyib.

Ərdoğan Türkiyənin Azərbaycan və Ermənistan arasındakı sülh prosesinə töhfə verməyə davam edəcəyini və sülhün bütün region üçün həyati əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Görüş zamanı Türkiyə Prezidenti azərbaycanlı həmkarı İlham Əliyevi Antalyada keçiriləcək COP31 sammitində iştirak etməyə də dəvət edib.