BAKI, 4 avqust. TELEQRAF
Ermənistan Konstitusiyasından Azərbaycana, eləcə də Türkiyəyə qarşı ərazi iddialarını özündə əks etdirən maddələr çıxarılmalıdır.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin "Haber Global" televiziya kanalına açıqlamasında deyib.
Onun sözlərinə görə, bu xüsusda alınan siqnallar ondan ibarətdir ki, Ermənistanda yeni konstitusiyanın qəbulu üçün proses başlamaqdadır:
"Bu ərazi iddiaları konstitusiyadan çıxarıldıqdan sonra Azərbaycan yekun sülh sazişinin imzalanması üçün problem görmür. Bunun fövqündə bölgəmizdə artıq de-fakto sülh vəziyyəti mövcuddur".
Hikmət Hacıyev Azərbaycan-Türkiyə qardaşlığından da bəhs edərək, iki ölkənin hər zaman bir-birinə arxa durduğunu vurğulayıb:
"Türkiyənin olmadığı yerdə Azərbaycan, Azərbaycanın olmadığı yerdə isə Türkiyə var. Bizim maraqlarımıza qarşı atılan hər bir addıma qəti şəkildə cavab veririk və bundan sonra da belə edəcəyik".