BAKI, 10 iyul. TELEQRAF
İraqın Nümayəndələr Şurasının İnsan Hüquqları Komitəsinin sədri, kərkük millət vəkili Ərşad Salehi Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Ərşad bəy, yaxın günlərdə Azərbaycana səfər etdiniz. Bu səfərin əsas məqsədi nə idi?
- Əvvəlcə qeyd etmək istərdim ki, Azərbaycanla aramızdakı qardaşlıq bağlarının daha da möhkəmlənməsi üçün mütəmadi olaraq dəvət alırıq. İstər Milli Məclis, istər vətəndaş cəmiyyəti institutları, istərsə də Prezident Administrasiyasının tabeliyində fəaliyyət göstərən bəzi qurumlarla sıx əməkdaşlıq edirik və bu istiqamətdə birgə fəaliyyətimizi davam etdiririk. Budəfəki səfərimizin əsas məqsədi İraq türkmanlarının zəngin tarixi və mədəni irsini Azərbaycanın irsi ilə bir araya gətirərək onu beynəlxalq ictimaiyyətə daha geniş şəkildə tanıtmaqdır. İraq türkmanları qədim və zəngin irsə malik olsalar da, bu gün onların mövcudluğu dünya ictimaiyyətində kifayət qədər tanınmır, bir çox hallarda isə beynəlxalq siyasi gündəmdən kənarda qalır.
İraq türkmanları demoqrafik dəyişikliklərə məruz qalıb, tarixi torpaqlarının bir hissəsini itirib, siyasi və ictimai təsir imkanları zəifləyib. Lakin bu xalq öz kimliyini və hüquqlarını heç vaxt unutmayacaq və bundan sonra da qorumağa davam edəcək. Bu məsələdə bizim ən böyük dayaqlarımızdan biri Türkiyədirsə, digəri qardaş Azərbaycandır. Azərbaycan İraq türkmanlarını heç vaxt unutmayıb və gələcəkdə də unutmayacaq. Eyni zamanda Azərbaycan cəmiyyətinə çatdırmaq istəyirik ki, İraqda sizinlə eyni kökdən, soydan gələn, ortaq tarixə, dilə və mədəniyyətə sahib bir xalq yaşayır.
Məhz bu həqiqəti daha geniş auditoriyaya çatdırmaq üçün belə səfərləri davam etdiririk. Bakıya budəfəki səfərimiz "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" forumunda iştirak və çıxış etməklə bağlı idi. Bu, Azərbaycana ikinci səfərimiz idi. İlk dəfə Ramazan ayı çərçivəsində təşkil olunan proqramda iştirak etmişdik. Budəfəki tədbir isə miqyası və əhatə dairəsi baxımından daha geniş idi. Forumda həm İraq, həm də Suriya türkmanlarının nümayəndələri iştirak edirdi.
Başqa sözlə, Füzulinin vətənindən - İraqdan, Nəsiminin yurdu olan Hələbdən gələn soydaşlarımız bir araya toplaşmışdı. Bu görüş ortaq tariximizi, mədəniyyətimizi və milli irsimizi birlikdə müzakirə etmək, gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək baxımından xüsusi əhəmiyyət daşıyırdı. Türkman irsi əsrlər boyu çoxsaylı çətinliklərə, təzyiqlərə və zülmlərə məruz qalsa da, bu xalq öz kimliyini qoruyub saxlaya bilib. Ədəbiyyatımız, şairlərimiz, musiqiçilərimiz və zəngin mədəni irsimiz bizi ayaqda saxlayan əsas dəyərlərdən olub. Necə ki Azərbaycan bütün sınaqlara baxmayaraq milli kimliyini və dövlətçiliyini qoruyub inkişaf etdirə bilib, eyni şəkildə ortaq tariximiz, mədəniyyətimiz və milli yaddaşımız da bizi yaşadıb və bir arada saxlayıb.
Bu gün sizinlə öz doğma insanımla danışırmış kimi rahat ünsiyyət qururam. Aramızda heç bir yadlıq hiss etmirəm. Özümü Azərbaycanda doğmalarımın yanında hiss edirəm. Siz məni anlayırsınız, mən də sizi.

- İraqın Kərkük şəhərində fəaliyyət göstərən Məhəmməd Füzuli adına ibtidai məktəb haqqında məlumat verməyinizi istərdik.
- İraq Konstitusiyasına əsasən, türkmanların ana dilində təhsil almaq hüququ təmin edilir. Bu hüquq çərçivəsində hazırda 100-ə yaxın türkmən məktəbi fəaliyyət göstərir və həmin məktəblərdə tədris əsasən Türkiyə türkcəsində aparılır. Bu sistem təkcə Kərkükdə deyil, Təlafər və digər türkman bölgələrində də tətbiq olunur. Dərslər həm türk, həm də ərəb dillərində keçirilir. Əlbəttə, bu prosesdə müəyyən çətinliklər və təzyiqlərlə qarşılaşırıq. Buna baxmayaraq, məktəblərimizin fəaliyyəti davam edir və məzunlarımız ali təhsil müəssisələrinə qəbul olurlar. Bu imkanın yaradılması Dillər və Məktəblər Qanununun qəbulundan sonra mümkün oldu. Həmin qanunun rəsmiləşdirilməsinə 2010-cu ildə, birinci çağırış millət vəkili olduğum dövrdə nail olduq. İlk açdığımız məktəbə Məhəmməd Füzulinin adını verdik. Məktəb Kərkükün Bağdad yolu istiqamətində yerləşir. Azərbaycan dövləti və Prezident İlham Əliyev türkman təhsilinə hər zaman xüsusi dəstək göstərib. Hətta cənab İlham Əliyev yeni məktəb binasının inşasına hazır olduqlarını, bunun üçün yalnız uyğun torpaq sahəsinin ayrılmasının kifayət etdiyini bildirmişdi. Azərbaycanın dəstəyi ilə məktəb yüksək səviyyədə yenidən quruldu və hazırda şagirdlərimiz müasir şəraitdə təhsil alırlar. Təxminən iki ay əvvəl Azərbaycanın İraqdakı yeni səfiri Kərkükə səfəri zamanı Məhəmməd Füzuli adına məktəbi də ziyarət etdi, müəllim və şagirdlərlə görüşərək onların təhsil şəraiti ilə yaxından tanış oldu.
- İraqdakı türkmanların bugünkü siyasi durumu və parlamentdə təmsilçiliyi barədə nə deyə bilərsiniz? Məzhəblərarası münasibətlərdə vəziyyət dəyişibmi?
- Ümumiyyətlə, İraq hazırda mürəkkəb bir dövrdən keçir. Xüsusilə ABŞ-İsrail qarşıdurması və regionda baş verən son müharibələr ölkəyə birbaşa təsir göstərib. Digər tərəfdən, İraq təəssüf ki, İranın da ciddi təsir dairəsindədir. Bu vəziyyət təbii ki, İraq türkmanlarına da öz təsirini göstərir. Bizim əsas prinsipimiz türkmanların məzhəb deyil, milli kimlik ətrafında birləşməsidir. Hazırda mən beşinci dəfədir ki, İraq parlamentinin üzvüyəm.
İstəsəydim, İraqın xarici işlər naziri vəzifəsinə qədər yüksələ bilərdim. Lakin bunun üçün məzhəbçi siyasi layihələrin tərkibində yer almalı idim. Mən bunu qəbul etmədim və bunun da siyasi nəticələrini yaşadım. Hər zaman yalnız türkman xalqının mənafeyini müdafiə etmişəm. Hesab edirik ki, icraedici nazirlik və ya vitse-prezident postu türkmanların təbii haqqıdır. Lakin bizə münasibətdə milli deyil, məzhəb meyarı tətbiq olunur. İraqın siyasi sisteminə görə, əgər Prezident kürddürsə və onun müavinləri şiə və sünni icmalarını təmsil edirsə, üçüncü vitse-prezidentin türkman olması ədalətli yanaşma olardı. Təəssüf ki, bu prinsip türkmanlara münasibətdə nəzərə alınmır. Biz isə israrla bildiririk ki, türkmanlar vahid millətdir və heç kəs bizi məzhəb əsasında parçalamamalıdır. Məhz bu mövqeyimizə görə mühüm dövlət vəzifələrindən kənarda qalırıq. Əgər məzhəbçi siyasi layihələrə qoşulsaydıq, istər sünni, istərsə də şiə kvotası hesabına daha yüksək vəzifələr əldə edə bilərdik. Ancaq biz bunu doğru yol hesab etmirik.
Bizim üçün əsas olan türkman kimliyi və milli birlikdir. Hazırda İraqda formalaşdırılan yeni hökumətdə 23 nazirlik nəzərdə tutulub. Onlardan 9-u hələ parlament tərəfindən təsdiqlənməyib. Həmin vəzifələr sırasında türkmənlərə də bir nazirliyin verilməsini istəyirik. Bizə təklif olunan post icraedici səlahiyyətlərə malik nazirlik deyil, dövlət naziri vəzifəsidir. Bu, gözləntilərimizi tam qarşılamasa da, Nazirlər Kabinetində türkmanların təmsil olunması baxımından mühüm addım hesab oluna bilər.

- Belə çıxır ki, yeni hökumətdə türkmanlar üçün yalnız bir nazir postu nəzərdə tutulur. Bunu türkmanların siyasi təmsilçiliyi baxımından yetərli hesab edirsiniz, yoxsa daha geniş təmsilçilik gözləyirsiniz?
- Hazırda bir nazir müavinimiz var. Bundan başqa, nazir statusuna malik müstəqil bir komitəyə də türkman nümayəndə rəhbərlik edir. Həmin vəzifəni çox dəyərli bir xanım icra edir. Bu, kifayət qədər məsuliyyətli və nüfuzlu postdur. Əgər dövlət naziri vəzifəsini də əldə edə bilsək, hökumətdə türkmanların iki mühüm təmsilçilik mövqeyi olacaq. Lakin bunun kifayət edib-etmədiyini soruşsanız, cavabım "xeyr" olar. Hesab edirəm ki, türkmanların ölkədəki sayı və siyasi çəkisi nəzərə alınarsa, daha geniş təmsilçilik hüququmuz var.
- Hazırda İraq parlamentində neçə türkman millət vəkili təmsil olunur?
- İraq Türkman Cəbhəsinin parlamentdə üç deputatı var. Onlardan biri mənəm, digər ikisi isə xanım deputatlardır. Bundan əlavə, müxtəlif siyasi partiyalardan seçilmiş daha beş türkman deputat fəaliyyət göstərir. Beləliklə, hazırda İraq parlamentində ümumilikdə səkkiz türkmən milat vəkili təmsil olunur.
Azərbaycandan İraq türkmanlarına göstərilən diqqət və yaxınlıq ildən-ilə daha da güclənir. Son dövrlərdə bu istiqamətdə həyata keçirilən təşəbbüslər əlaqələrimizin yeni mərhələyə yüksəlməsinə ciddi töhfə verib. Məsələn, Kərkükdə Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağ müharibəsinə həsr olunmuş kitabının təqdimatını keçirdik. Bununla yanaşı, ortaq mədəni irsimizin ən böyük simalarından olan Füzulinin irsinin yaşadılması istiqamətində ardıcıl tədbirlər təşkil etdik. Füzulinin əsərləri Azərbaycan, Türkiyə türkcəsi, ərəb və latın qrafikalı nəşrlərlə oxuculara təqdim olunur. Kərkükdə yaratdığımız Füzuli Mədəniyyət Mərkəzi də bu əməkdaşlığın mühüm nəticələrindən biridir. Bu cür ortaq layihələr Azərbaycanın təşəbbüsləri ilə daha da geniş vüsət alıb. İraq türkmanları artıq Türkiyədən başqa, onları bağrına basan ikinci bir qardaş ölkənin - Azərbaycanın da varlığını hiss edirlər. Bu, cəmiyyətimizdə böyük məmnunluq və sevinc doğurur. Təhsil sahəsində də əməkdaşlığımız inkişaf edir. Bu il Azərbaycana 10 tələbə təhsil almağa gəlir, onlardan 4-ü Kərkükdəndir. Onlar burada magistratura və doktorantura pillələrində təhsil alacaqlar. Bundan əlavə, Azərbaycan universitetlərini bitirmiş həkimlərimiz, əczaçılarımız və digər mütəxəssislərimiz var. Bu, xalqlarımız arasında əlaqələrin nə qədər möhkəmləndiyini göstərən mühüm göstəricidir. Bu gün İraq türkmanları Azərbaycanı özlərindən uzaq görmürlər. Aramızda demək olar ki, yalnız viza məsələsi müəyyən çətinlik yaradır. Bu məsələ dövlətlərin müvafiq siyasəti ilə bağlıdır və bunu anlayışla qarşılayırıq. Amma bu məsələni həll etmək lazımdır. Çünki hazırda iraqlılar ən çox Türkiyə və Azərbaycana səfər etməyə üstünlük verirlər.
- Kərkükdə türkmanların hüquqlarının təmin olunması və mövqelərinin gücləndirilməsi üçün hansı işlər görülür?
- Mən hər zaman vurğulayıram ki, uzun illərə söykənən təcrübəmə əsasən, müxtəlif dövlətlərdə yaşayan türk toplumları müstəqil dövlət yaratmaq iddiasında deyillər. Məsələn, biz İraqda yeni bir dövlət qurmaq istəmirik. Eyni sözləri Suriya, İran, o cümlədən Urmiya və Ərdəbildə yaşayan türklər haqqında da demək olar. Bizim əsas məqsədimiz yaşadığımız dövlətlərin tərkibində hüquqlarımızı qorumaq, dövlət idarəçiliyində layiqli şəkildə təmsil olunmaq və qərarvermə prosesində iştirak etməkdir.
Dünya türklərinin siyasəti də məhz bundan ibarət olmalıdır: yaşadığımız ölkələrdə güclü olmaq, iqtidardan uzaq qalmamaq. Çünki hakimiyyət strukturlarından kənarda qalmaq zəifləməyimizə səbəb olur. Parlamentdə qazandığım 20 illik təcrübə göstərdi ki, bir xalqın hüquqlarını təmin etməyin iki əsas yolu var. Ya həmin xalqın varlığı ölkənin Konstitusiyasında aydın şəkildə təsbit edilməlidir, ya da onun hüquqlarını qoruyan xüsusi qanunlar qəbul olunmalıdır. Hazırda İraq Konstitusiyasının 125-ci maddəsində türkmənlərin "azlıq" kimi təqdim olunmasının dəyişdirilməsi istiqamətində çalışırıq. Çünki biz özümüzü azlıq deyil, İraqın qurucu xalqlarından biri hesab edirik. Bununla yanaşı, parlamentdə Dillər haqqında qanunun qəbul edilməsinə nail olduq. Bu gün türkman türkcəsi İraqda rəsmi dillərdən biridir və parlament sənədlərində də "türk dili" kimi qeyd olunur. Bu, milli kimliyimizin və varlığımızın hüquqi əsaslarla qorunmasının mühüm göstəricisidir. Hesab edirəm ki, xaricdə yaşayan türk toplumlarının hüquqları konstitusiya və qanunlarla təmin edildikcə, onlar yaşadıqları ölkələrdə özlərini daha güclü şəkildə ifadə və təmsil edə biləcəklər.
Biz İraqın ərazi bütövlüyünə hörmətlə yanaşırıq, lakin öz bölgələrimizdə dilimizi, mədəniyyətimizi, kimliyimizi və siyasi hüquqlarımızı qorumaq istəyirik. Bunların təminatı isə yalnız qanun və Konstitusiya ilə mümkündür. Hüquqlarımız nə qədər tez hüquqi müstəvidə təsbit olunarsa, bu, həm bizim, həm də ölkənin gələcəyi üçün bir o qədər faydalı olar. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin "biz xaricdə yaşayan türkləri unutmamalıyıq" fikri bizim üçün böyük mənəvi dəstəkdir. Bu məsələni təkcə Türk Dövlətləri Təşkilatının deyil, bütün türk dünyasının diqqətdə saxlaması vacibdir. Türkiyə uzun illərdir İraq türkmanlarının hüquqlarını beynəlxalq platformalarda gündəmə gətirir. Eyni mövqenin Azərbaycan tərəfindən də ifadə olunması isə bu dəstəyi daha da gücləndirir və daha geniş əhatə qazandırır.

- Suriyada digər etnik qrupların, xüsusilə də kürdlərin müəyyən hüquqlar əldə etdiyi müşahidə olunur. Lakin eyni fikirləri Suriya türkmanları barədə söyləmək mümkün deyil. Siz bu vəziyyəti necə qiymətləndirirsiniz? Hərçənd qeyd edirsiniz ki, türkmanlar yaşadıqları ölkələrdən ayrılmaq və ya müstəqil dövlət qurmaq niyyətində deyillər. Bu halda onların hüquqlarının təmin edilməsi baxımından hansı addımlar atılmalıdır?
- Suriyada türkmanlar geniş bir coğrafiyada yaşasalar da, yaşayış məntəqələri pərakəndə şəkildə yerləşdiyi üçün demək olar ki, hər bölgədə say baxımından azlıq təşkil edirlər. Hələb, Türkmən dağı, Lazkiyə və Quneytra bölgələrində türkman icmaları mövcuddur. Quneytra tarixən türk şəhərlərindən biri hesab olunur və hazırda onun bir hissəsi İsrailin nəzarətindədir. Həmin ərazilərdə yaşayan türkman kəndlərində bizim danışdığımız türkcəyə çox yaxın bir dildə danışılır. "Mühacirin" adlanan bölgənin adı da təsadüfi deyil. Orada yaşayan türkmanlar 1967-ci il müharibəsindən sonra Quneytradan köç etmək məcburiyyətində qalıblar. Tarix boyu türkmanlar müxtəlif təzyiqlərlə üzləşdikləri üçün öz yurdlarından didərgin salınıb, müxtəlif bölgələrə səpələniblər və nəticədə bir çox yerlərdə azlıq vəziyyətinə düşüblər.
Suriyada türkmanların hüquqlarının hələ də tam təmin olunmamasına gəlincə, nəzərə almaq lazımdır ki, ölkədə yeni siyasi sistem formalaşır. Hazırkı hakimiyyət Türkiyə ilə yaxın münasibətlərə malikdir və bu prosesdə Türkiyənin üzərinə mühüm məsuliyyət düşür. Artıq həm İraq, həm də Suriya türkmanlarının yaşadıqları ölkələrin siyasi həyatında söz sahibi olmalarının vaxtı çatıb.
Söhbət yalnız mədəni və ya dil hüquqlarından getmir. Türkmanlar siyasi təmsilçilik və qərarvermə mexanizmlərində də layiq olduqları yeri tutmalıdırlar. Bu istiqamətdə Türkiyənin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Suriya türkmanları hazırda daha ağır təzyiqlərlə üzləşirlər. İraq türkmanları isə Konstitusiya, qanunvericilik və parlament müstəvisində müəyyən təcrübə qazanıblar. Hesab edirəm ki, Suriya türkmanları da bu təcrübədən faydalanmalı və xüsusilə Türkiyənin daha güclü dəstəyi ilə öz hüquqlarını təmin etməlidirlər.
- Demək olarmı ki, İraq türkmanları Konstitusiya və qanunvericilikdə siyasi təmsilçilik baxımından müəyyən hüquqlar qazansalar da, Suriya türkmanları hələ bu imkanlardan məhrumdurlar?
- Suriyada artıq bir neçə türkman deputat parlamentə seçilib və onlar siyasi proseslərdə iştirak edirlər. Lakin bununla kifayətlənmək olmaz. Türkmanların daha fəal şəkildə ölkənin idarəçiliyində, xüsusilə də Şam hakimiyyətində təmsil olunmaları vacibdir. Mən hər zaman deyirəm ki, dünya türkləri yaşadıqları ölkələrin hakimiyyət strukturlarında yer almalıdırlar. İqtidarın bir parçası olmayan xalq zamanla başqalarının iradəsindən asılı vəziyyətə düşür. Mən bu nəticəyə uzun illər davam edən siyasi təcrübəmə əsaslanaraq gəlmişəm.
Bağdadda hakimiyyətdə kim olursa-olsun, İraq türkmanları həmin hakimiyyətlə dialoq və əməkdaşlıq qurmalıdır. Eyni şəkildə, Şamda hakimiyyətdə olan qüvvələrlə də Suriya türkmanları konstruktiv münasibətlər formalaşdırmalıdırlar. Çünki bizim kimi xalqlar öz hüquqlarını və milli kimliklərini qorumaq üçün siyasətin imkanlarından ən səmərəli şəkildə istifadə etməlidirlər. Bu, mənim uzun illər parlamentdə qazandığım siyasi təcrübənin nəticəsində gəldiyim qənaətdir.
- Siz keçəndəfəki müsahibənizdə Türk Dövlətləri Təşkilatından, Türkiyə və Azərbaycandan dəstək gördüyünüzü qeyd etmişdiniz. Hazırda digər türk dövlətləri ilə münasibətlərin qurulması və inkişafı baxımından vəziyyət necədir?
- Bizdə belə bir atalar sözü var: "İnsan üçün ən çox anası ağlayar". Bu gün bizim üçün də ən çox narahat olan, bizə sahib çıxan ana yurdlarımız Türkiyə və Azərbaycandır. Təəssüf ki, indiyədək digər türk dövlətlərindən eyni səviyyədə dəstək görməmişik. Halbuki bizim Özbəkistan, Türkmənistan və Qırğızıstandan hər hansı maddi istəyimiz yoxdur. Mesajımız yalnız budur ki, biz eyni taleyi paylaşmış bir millətin övladlarıyıq.
Stalin dövrünün zülmünü bütün türk xalqları yaşayıb, həmin ağrılar ədəbiyyatımızda, şeirlərimizdə və tariximizdə ortaq yaddaşa çevrilib. Hətta ən çətin dövrlərdə belə bu mövzuları müxtəlif platformalarda, bəzən gizli şəkildə müzakirə etmişik. Bu gün isə açıq dünyada yaşayırıq. Belə olan halda niyə Özbəkistan, Türkmənistan və Qırğızıstan da Azərbaycan kimi bizi dəvət etməsin? Daşkənd bizim üçün sadəcə bir şəhər deyil, ortaq tariximizin və mədəniyyətimizin mühüm mərkəzlərindən biridir.

Məsələn, Kərkük qalasının üzərində yerləşən Göy Günbəz Səlcuqlular dövrünə aiddir. Daşkənddəki oxşar abidə də eyni memarlıq ənənəsinin məhsuludur, eyni daşlardan istifadə olunub. Bu faktlar göstərir ki, biz eyni kökdən, eyni mədəniyyətdən gələn bir millətin övladlarıyıq. Ona görə də sual edirəm, nə üçün məni Bakı və Ankara dəvət edir, amma Daşkənd etməsin? Biz birlikdə güclüyük. Əgər birlik olmazsa, qarşımızdakı təhdidlər bizi bir-bir zəiflədəcək. Heç kim düşünməsin ki, təkbaşına güclü ola bilər.
Türk Dövlətləri Təşkilatı və türk dünyasının birliyi vaxtilə xəyal kimi görünürdü, bu gün isə reallığa çevrilib. Mənim Azərbaycan Prezidenti cənab İlham Əliyevdən bir istəyim var. Arzu edərdik ki, İraq türkmanları Türk Dövlətləri Təşkilatında heç olmasa müşahidəçi statusu ilə təmsil olunsun. Əvvəlcə müşahidəçi kimi iştirak edər, təşkilatın fəaliyyətini yaxından izləyərik. İnanıram ki, zamanla təşkilatın daha fəal iştirakçılarından birinə çevrilə bilərik.
Cənab Prezident İlham Əliyevin türk dünyasına münasibətini və müxtəlif türk toplumlarına göstərdiyi diqqəti yüksək qiymətləndiririk. Ümid edirik ki, bu arzumuz da bir gün gerçəkləşəcək.
Foto: Elnur Muxtar