BAKI, 9 iyun. TELEQRAF
Minalar Ermənistan-Azərbaycan münaqişəsinin ən ağır miraslarından biri olaraq qalmaqdadır və hərbi əməliyyatların dayandırılmasından uzun müddət keçməsinə baxmayaraq, insan həyatına son qoymaqda davam edir.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sosial media hesabında paylaşım edib.
H. Hacıyev rəsmi statistikanı diqqətə çatdıraraq bildirib ki, 2020-ci il noyabrın 10-dan bəri Azərbaycanda 427 mina qurbanı qeydə alınıb:
"Onlardan 73-ü həlak olub, 354-ü isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Mina qurbanlarından 231-i mülki şəxslərdir. 1991-ci ildən bəri isə ümumi mina qurbanlarının sayı 3 500 nəfəri ötüb ki, onların da arasında 362 uşaq və gənc, həmçinin 38 qadın var".
O vurğulayıb ki, faciəvi insan itkiləri ilə yanaşı, ərazilərin minalarla kütləvi şəkildə çirkləndirilməsi köçkün ailələrin təhlükəsiz qayıdışı, azad edilmiş ərazilərin yenidən qurulması, iqtisadi inkişaf və kənd təsərrüfatı üçün əsas maneə olaraq qalır:
"Aşkar edilən və təmizlənən hər bir mina təkcə xilas edilmiş potensial insan həyatı deyil, həm də bərpa prosesinə doğru atılmış addımdır. Mina təmizləmə fəaliyyəti təkcə təhlükəsizlik məsələsi deyil, həm də humanitar zərurət, dayanıqlı yenidənqurma və inkişaf üçün əsas şərtdir".