BAKI, 10 may. TELEQRAF
Azərbaycan-Ermənistan sərhədində delimitasiya və demarkasiya prosesi üzrə işlər davam etdirilir.
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə bağlı Fəxri xiyabanı ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
XİN başçısı bildirib ki, delimitasiya-demarkasiya prosesində çoxsaylı texniki məsələlər mövcuddur və bu işlərin qısa müddətdə yekunlaşması mümkün deyil:
”Burada texniki məsələlər çoxdur. İşlər davam edir. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin rəhbərliyi ilə nümayəndə heyəti Ermənistan tərəfi ilə növbəti görüşünü keçirib. Müzakirələr zamanı reqlament tipli sənədlər qəbul olunub və bu sənədlər gələcək fəaliyyətin hüquqi çərçivəsini müəyyən edir".
Nazir vurğulayıb ki, bu, uzunmüddətli və çətin bir prosesdir, lakin işlər ardıcıl şəkildə davam etdirilir.