BAKI, 14 mart. TELEQRAF

İşğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda yerli mütəxəssislər tərəfindən beynəlxalq standartlarla qurulan yeni həyat Bakının ev sahibliyi edəcəyi WUF13 əsas mahiyyətini təşkil edir.

Teleqraf xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev brifinqdəki çıxışı zamanı deyib.

Komitə sədri bildirib ki, həmin bölgələrdə bərpa-quruculuq işləri yerli memarlar tərəfindən xarici ekspertlərlə sıx tərəfdaşlıq şəraitində icra olunur.

Onun sözlərinə görə, məhz bu praktiki təcrübə mənzil təminatına həsr olunmuş Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Azərbaycanda keçirilməsini daha da əhəmiyyətli edir.

A. Quliyev Bakının beynəlxalq dialoq və ortaq həll yollarının tapılması üçün qlobal mərkəz statusunu vurğulayıb:

"Paytaxtımızın mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi kifayət qədər zəngindir. Bizim hədəfimiz şəhərimizi dünyanın strateji görüş məkanı kimi inkişaf etdirməkdir. Hesab edirəm ki, forumun əsas qayəsi də budur, insanlar üçün dinc, konfortlu və təhlükəsiz yaşayış mühiti yaratmaq".

A. Quliyev edib ki, belə platformalar regionda davamlı sülhün bərqərar olmasına töhfə verir və Azərbaycan sülh naminə bütün qonşu dövlətlərlə təcrübəsini bölüşməyə hazırdır.