BAKI, 14 mart. TELEQRAF

"Dünya ölkələrinin sivil şəkildə fikir mübadiləsi aparması üçün multilateralizm platformasının təqdim edilməsi qürurverici bir addımdır".

Teleqraf xəbər verir ki, bu fikirləri BMT-nin Azərbaycandakı müvəqqəti rezident əlaqələndiricisi İqor Qarafuliç Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasına (WUF13) dair keçirilən brifinqdə səsləndirib.

Diplomatın sözlərinə görə, Azərbaycan rəhbərliyi, xüsusilə Prezident Administrasiyası tərəfindən bu qlobal hadisəyə yüksək səviyyədə diqqət göstərilməsi forumun nailiyyətlərinə birbaşa təsir edir.

O, Bakı Olimpiya Stadionundakı hazırlıq işlərinin sürətlə irəlilədiyini və prosesin şəxsən şahidi olduğunu qeyd edib.

İ.Qarafuliç vurğulayıb ki, rəsmi Bakının məqsədi sadəcə birdəfəlik tədbir təşkil etmək deyil, şəhərsalma mövzusunu dövlət siyasətinin orta müddətli hədəfləri ilə əlaqələndirməkdir: "Burada hazırlanan ideyalar və tətbiq edilən strategiyalar gələcəkdə bütün dünya üçün şəhərsalma prioritetləri üzrə yol xəritəsi rolunu oynayacaq. Ötən ilin oktyabr ayında imzalanmış əməkdaşlıq çərçivə sənədində də ətraf mühit və urbanizasiya əsas istiqamətlər kimi təsbit edilib".

Sonda rezident əlaqələndirici BMT sisteminin bu irimiqyaslı layihədə Azərbaycanla sıx tərəfdaşlıq etdiyini və UN-Habitat nümayəndəliyi ilə birgə aktiv fəaliyyəti səbirsizliklə gözlədiklərini bildirib.