BAKI, 12 mart. TELEQRAF

Avropa İttifaqı zəruri hallarda birlik nümayiş etdirməyi bacarır, lakin bəzi məsələlərdə ortaq mövqenin formalaşdırılması daha çətin olur.

Teleqraf xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişel XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.

O bildirib ki, Ukrayna məsələsində müəyyən çətinliklərə baxmayaraq, ümumi birlik müşahidə olunur:

“Aİ Ukraynaya namizəd statusunun verilməsi və ölkəyə geniş maliyyə dəstəyi ayrılması kimi mühüm qərarlar qəbul edib. Bundan əlavə, Ukraynaya silah göndərilməsi barədə də qərar verilib.

Ukraynada müharibə başladıqdan bir neçə gün sonra Aİ tərəfindən Ukraynaya silah tədarükü ilə bağlı qərar qəbul edilib.

Bununla yanaşı, bəzi mövzular daha mürəkkəbdir. Buna Yaxın Şərq məsələsi misal ola bilər. Aİ-yə üzv olan 27 ölkənin həmin regiondakı dövlətlərlə tarixən fərqli münasibətləri var və bu da mövqelərin formalaşmasına təsir edir.

Geosiyasətdə tarix mühüm rol oynayır və biz bu reallıqları nəzərə almalıyıq. Məhz buna görə də Yaxın Şərqlə bağlı ortaq mövqe əldə etmək daha çətindir”, – deyə o vurğulayıb.

Rəsmi əlavə edib ki, Aİ-nin mühüm və güclü alətlərindən biri Avropa Şurasıdır. Onun sözlərinə görə, dünyada 27 dövlət və hökumət başçısının mütəmadi olaraq, demək olar ki, hər ay bir araya gəldiyi başqa oxşar platforma yoxdur.

Liderlər Brüsselə gəldikdə qərarlar qəbul edir və paytaxtlarına qayıtdıqdan sonra həmin qərarların həm Aİ, həm də öz ölkələrinin vətəndaşları üçün faydalı olduğunu göstərməlidirlər.

“Bəzən bu proses müəyyən fikir ayrılıqları və çətinliklərlə müşayiət oluna bilər”, – deyə o qeyd edib.

“Enerji sahəsi də bu baxımdan mürəkkəb istiqamətlərdən biridit. Aİ ölkələrinin enerji sektoru üzrə başlanğıc şərtləri eyni deyil və qərarlar qəbul edilərkən bütün tərəflərin maraqları və həssaslıqları nəzərə alınmalıdır”.

Onun sözlərinə görə, kompromis yalnız bütün amillər nəzərə alındıqda güclü və davamlı ola bilər.