BAKI, 14 mart. TELEQRAF

"Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) regionumuzdakı şəhərlərin transformasiya imkanlarını nümayiş etdirmək üçün ən əlverişli və vaxtında yaradılmış platformadır".

Teleqraf xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Erfan Ali Bakıda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, təxminən 400 milyon əhalinin yaşadığı bu regionda mənzil təminatı sahəsində ciddi çətinliklər mövcuddur.

O bildirib ki, regionun 10-dan 20-dək ölkəsi yüksək seysmik risk zonasında yerləşir: "Xüsusilə 90-cı illərdən əvvəl tikilmiş mənzil fondunun köhnəlməsi və aşınması seysmik hadisələr zamanı böyük həssaslıq yaradır. 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələ bizə bu hazırlığın nə qədər vacib olduğunu bir daha xatırlatdı. Bakıda bu cür risklərin idarə olunması və dayanıqlı infrastrukturun qurulması üçün mühüm həll yollarını ortaya qoyacaq".

E.Ali qeyd edib ki, hazırda Mərkəzi Asiya ölkələrində ("Asman", "Yeni Daşkənd" və s.) planlaşdırılan yeni şəhərlərin salınması zamanı dayanıqlı planlaşdırma və inklüzivlik prinsiplərinin tətbiqi əsas prioritetlərdən biridir:

“Eyni zamanda, "Orta Dəhliz" boyunca inkişaf edən şəhərlərin iqtisadi potensialının artırılması və kəndlərlə şəhərlər arasında inteqrasiyanın təmin edilməsi diqqət mərkəzindədir”.

Regionda iqlim dəyişikliyi ilə bağlı təhlükələrə də toxunan direktor, Mərkəzi Asiyada müşahidə olunan isti dalğaları və səhralaşma prosesinin yerli idarəetmə orqanları üçün yeni çətinliklər yaratdığını vurğulayıb.

Sonda Erfan Ali Bakı Forumuna hazırlıq çərçivəsində region ölkələrində bir sıra milli şəhərsalma forumlarının keçiriləcəyini və may ayında bütün tərəfdaşların Azərbaycanda bir araya gələcəyini diqqətə çatdırıb.