BAKI, 13 mart. TELEQRAF

Çin süni intellektin müxtəlif sektorlara inteqrasiyasını genişləndirir və bu sahədə beynəlxalq elmi-texniki tərəfdaşlıq üçün yeni platformalar yaratmaqda davam edəcək.

Teleqraf xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfiri Lu Mey keçirdiyi mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, hökumət "Süni intellekt+" strategiyası vasitəsilə intellektual iqtisadiyyatın müasir formalarını formalaşdırır.

O bildirib ki, 2025-ci ildə elmi tədqiqatlara ayrılan vəsait 10 faiz artıb, nəticədə robototexnika və kvant texnologiyaları sahəsində ciddi sıçrayışlar qeydə alınıb:

"İnnovativ fəaliyyət iqtisadi tərəqqimizin əsas hərəkətverici qüvvəsidir. Biz əldə olunan elmi nailiyyətləri dost Azərbaycanla bölüşmək niyyətindəyik".

Lu Mey həmçinin rəsmi Bakının Çin tərəfindən irəli sürülən qlobal təşəbbüslərə verdiyi dəstəyi yüksək qiymətləndirərək, iki xalqın ortaq gələcək naminə həmrəylik nümayiş etdirdiyini diqqətə çatdırıb.