BAKI, 13 mart. TELEQRAF

2026-cı ildə Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq tədbirlər çərçivəsində Çin tərəfi ölkənizlə sıx əməkdaşlıq etməyə tam hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey mətbuat konfransında bildirib.

Diplomatın sözlərinə görə, BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) illik toplantısı, 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) və AHİB (CICA) sammiti kimi mühüm platformalarda Çin fəal iştirak edəcək.

O qeyd edib ki, rəsmi Pekin iki dövlət arasında mövcud olan ənənəvi dostluq bağlarını daha da möhkəmləndirmək niyyətindədir:

"Dövlət başçıları tərəfindən müəyyən edilmiş strateji kursun reallaşdırılması hərtərəfli tərəfdaşlıq münasibətlərinin tərəqqisinə mühüm töhfə verəcək".