BAKI, 14 mart. TELEQRAF
"Reallıq budur ki, Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) nail olmaqda ciddi şəkildə geri qalırıq və insanların yaşamaq üçün lazımi şəraiti yoxdur".
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
O bildirib ki, hökumətlərin imkanları da məhduddur, çünki mənzil tikintisi çox bahalıdır: “Tarixən və qlobal miqyasda mənzil sektoru dövlət subsidiyaları ilə dəstəklənib. Lakin xüsusilə Qlobal Cənub ölkələrində hökumətlərin belə subsidiyalar vermək imkanları məhduddur.
Torpaq, xüsusilə yaxşı yerləşən torpaq sahələri çox bahadır. Şəhərlərin kənarlarında tikilmiş bir çox mənzil layihələrinin uğursuz olduğu da məlumdur — insanlar sonradan yenidən şəhərlərə qayıdırlar.
Nəticədə, bu problemi həll etmək üçün indiyə qədər tapılan həll yolları çox məhdud və bəzən uyğun olmayan yanaşmalar olub. Buna görə də sistemli dəyişikliklərə ehtiyac var”.
O qeyd edib ki, əsasən, bu məsələ siyasi prioritetə çevrilməlidir, mövcud reallıq tanınmalıdır, prooblemin miqyası xəritələşdirilməli və şəhər planlaşdırmasına inteqrasiya olunmalıdır: "Daha çox maliyyə və investisiya cəlb edilməlidir, şəhər standartları və resursların istifadəsi baxımından daha çevik yanaşma tətbiq olunmalıdır.
Yəni reallığı qəbul etməli və mövcud resurslardan daha çevik və effektiv şəkildə istifadə etməyi bacarmalıyıq".