BAKI, 6 mart. TELEQRAF

Ukraynanın işğalının dördüncü ildönümü münasibətilə Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycan-Fransız İnstitutunda ukraynalı fotoqraf Aleksandr Qlyadelovun əsərlərindən ibarət “Ukraynaya baxış – Ukrayna müstəqilliyinin qırılmış hekayəsi” adlı sərgi təşkil olunub.

Teleqraf xəbər verir ki, sərgidə Ukraynanın 1991-ci ildə müstəqillik qazanmasından başlayaraq bu günədək keçdiyi çətin və mürəkkəb yolu, həmçinin ölkənin yaxın tarixini əks etdirən təsirli kadrlar nümayiş etdirilib.

Tədbirdə xarici ölkələrin səfirləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Sərginin açılışında çıxış edən Fransanın Azərbaycandakı səfiri Sofi Laqut sənətin müqavimət gücünü vurgulayaraq bildirib:

"Bu sərgi bizim üçün Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirmək üsuludur. Aleksandr Qlyadelovun əsərləri təkcə dağıntıları deyil, həm də Ukrayna xalqının sarsılmaz ruhunu və ləyaqətini sənədləşdirir. Ukraynaya dəstək vermək həm də Avropanın təhlükəsizliyini və fundamental insan hüquqlarını müdafiə etmək deməkdir”.

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev öz növbəsində göstərilən dəstəyə görə tərəfdaşlara təşəkkür edərək, sərginin tarixi əhəmiyyətinə toxunub:

"Biz ortaq dəyərlərimizi – azadlığı və yaşam haqqını müdafiə edirik. Bu xatirələri gələcək nəsillər üçün qorumalıyıq. Dəstəyinizə görə təşəkkür edirəm. İşıq qaranlığa qalib gələcək və biz birlikdə zəfər çalacağıq!".