BAKI, 5 mart. TELEQRAF
Səudiyyə Ərəbistanı Krallığı Azərbaycanın Naxçıvan hava limanına İranın pilotsuz uçuş aparatları (PUA) ilə endirilən zərbələri qətiyyətlə pisləyir.
Bu barədə Teleqraf Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir.
Bəyanatda qeyd olunub ki, Səudiyyə Ərəbistanı Krallığı Türkiyəyə ballistik raketlə zərbə endirmək cəhdini və Azərbaycan hava limanına İran PUA-larla endirilən zərbələri qətiyyətlə pisləyir:
"İranın hər iki ölkəyə qarşı həyata keçirdiyi bu qorxaqca cəhdlər və bölgə ölkələrinə qarşı təkrarlanan aşkar təcavüzü heç bir halda bəraət qazandırıla bilməyən düşməncə yanaşmanı ortaya qoyur. Bu yanaşma beynəlxalq qanunların, normaların və mehriban qonşuluq prinsiplərinin açıq şəkildə pozulmasıdır. Bu addımlar regionu daha böyük gərginliyə sürükləyir".
Səudiyyə Ərəbistanı Azərbaycan və Türkiyə hökumətləri və xalqları ilə tam həmrəy olduğunu ifadə edib. Sənəddə hər iki dövlətin öz təhlükəsizliyini, hava məkanını, ərazi bütövlüyünü və vətəndaşlarını qorumaq hüququ təsdiqlənir.
Eyni zamanda, Krallıq Azərbaycan və Türkiyənin gərginliyin qarşısını almaq, regionda sabitliyi qorumaq istiqamətində nümayiş etdirdikləri təmkinliyi və səyləri yüksək qiymətləndirib.