BAKI, 2 mart. TELEQRAF
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Teleqraf müsahibəni təqdim edir:
- Qüdrət bəy, ABŞ və İsrailin İranın strateji obyektlərinə hava zərbələri endirməsinə münasibətinizi bilmək istərdik...
- Baş verənləri xalqımızın hər bir nümayəndəsi kimi, mən də böyük narahatlıqla izləyirəm. ƏHD partiyası problemlərin danışıqlar yolu ilə həllinin, inkişafın isə təkamül yolu ilə baş verməsinin tərəfdarıdır. Təəssüf ki, İran ABŞ və İsraillə arasında təhlükəsizlik məsələlərinə dair yaranmış fikir ayrılıqlarını danışıqlar yolu ilə çözə bilmədi. Dinc insanların, xüsusilə uşaqların müharibədə həyatını itirməsi, dağıntılar, məhrumiyyətlər, insan iztirabları çox üzücüdür. Ləyaqətli həyat üçün imkanlar yaradılmasını, təbii sərvətlərin ədalətli bölgüsünü tələb edən etirazçıları gülləbaran etmək, özündən güclünü məhv etməklə hədələmək İrandakı teokratik rejim üçün ağır nəticələrə səbəb oldu. Ruzi və hakimiyyət Allahın lütfüdür. Əzazil davranışı ilə Allahın qəzəbinə gələnləri heç kim xilas edə bilməz. Müharibədən öncə müsahibələrimdə həmişə deyirdim ki, ölkəni özündən çox-çox güclü olanlarla müharibəyə cəlb etmək, öz xalqını məhrumiyyətlər içərisində yaşatmaq nə qəhrəmanlıqdır, nə də yaxşı gələcək vəd edən müdrik davranış. Müharibənin ilk günü göstərdi ki, ərəb ölkələrində proksi qüvvələr saxlayan İranın hava hücumundan müdafiə sistemi demək olar ki, yoxdur. Yaxın günlərdə İranın gələcək taleyi bəlli olacaq. Allaha dua edək ki, hər şey sonda soydaşlarımız və İranda yaşayan bütün digər xalqlar üçün uğurlu olsun. İrana tətbiq olunmuş sanksiyalar aradan qaldırılsın, ölkəyə xarici investisiya, müasir texnologiya gəlsin, ölkə inkişaf etsin. Qonşularımızda sabitlik olanda, onlar rifah içərisində yaşayanda bu, Azərbaycan vətəndaşlarının da həyatına öz müsbət təsirini göstərir. Rusiya-Ukrayna savaşından öncə Rusiyada işləyən soydaşlarımız öz ailələrinə ildə 4 milyard dollara qədər vəsait göndərirdi. İran inkişaf etsə soydaşlarımız orda da özlərinə iş tapıb ailələrinə kömək edə bilərlər.
- Müharibəyə Azırbaycan dövlətinin yanaşmasını necə qarşıladınız?
- Azərbaycanın yanaşması BMT Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanır. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmət edilməlidir. Ali dini liderin ölümü ilə əlaqədar Prezidentin və Ceyhun Bayramovun öz tərəf müqabillərinə başsağlığı verməsi də yaxın qonşuluq münasibətlərindən doğan diplomatik etiket qaydadır. Ölkəmizin müharibədə həm hücum edən ölkələrlə, həm də müdafiə olunan tərəflə yaxın münasibətləri var. Azərbaycanın hər zaman "bizim hansısa ölkə ilə əməkdaşlığımız digər ölkəyə qarşı yönəlməyib",- fikrini vurğulaması və səmimi olaraq bu prinsipə sadiq qalması, ölkəmizdə heç bir başqa ölkənin hərbi bazasının olmaması Prezidentə imkan verdi ki, ölkəmizi münaqişədən kənarda tuta bilsin. Bu düzgün siyasətin nəticəsidir və qiymətləndirilməlidir.
- Azərbaycan istəməsə belə bu münaqişəyə cəlb oluna bilərmi?
- Bu o halda ola bilər ki, biz hücuma məruz qalaq, yaxud Cənubi Azərbaycandakı soydaşlarımız etnik təmizləmə və ya soyqırımı ilə üzləşsin. Ümid edirəm, bunların heç biri baş verməz.
- Müharibə qlobal münaqişəyə və regionda böyük xaosa yol aça bilərmi?
- Bu təhlükə var, amma baş vermə ehtimalı azdır. Çünki nə region dövlətləri, nə də böyük dövlətlər bunda maraqlı deyil. Rusiyanın başı Ukraynada qarşıb və hazırda müharibədən qalib kimi necə çıxmağın yollarını arayır. Çin isə tezliklə sabitliyin bərpa olunmasında maraqlıdır ki, regionun təbii sərvətlərindən istifadə edə bilsin.
- İranda hava zərbələrinin nəticəsi olaraq rejim dəyişikliyi mümkündürmü?
- Hazırda bu ehtimal olduqca azdır. Quru qoşunları yeridilmədən rejim dəyişikliyinə nail olmaq demək olar ki, mümkünsüz görünür. Düşünmürəm ki, ABŞ hazırda İrana quru qoşunları göndərsin. Sadəcə, hava zərbələri davam etdikcə İranın olan - qalan iqtisadiyyatı dağılacaq, ölkə ciddi blokadaya alınacaq. Bu işdə ona İran tərəfindən bombalanan ərəb dövlətləri də, ABŞ-nin NATO üzrə müttəfiqləri də kömək edəcək. Bu halda ABŞ İranın legitim prezidenti ilə bəzi məsələlər barədə anlaşa bilər. İnanıram ki, Pezeşkian məhz buna görə öldürülməyib, çünki o seçildiyi gündən ABŞ ilə anlaşmağın tərəfdarı idi. Təqribən Venesueladakı kimi bir anlaşma ola bilər. Belə bir anlaşma olmasa, sanksiyalar və blokada aradan qaldırılmasa İran neftini satmaqda böyük çətinliklə üzləşəcək. Bu isə sonda sosial vəziyyəti son dərəcə ağırlaşdırıb dözülməz edəcək, ölkə daxilində inqilaba səbəb olacaq. Əlbəttə, çox istərdik ki, daha çox qan tökülməmiş və daha böyük dağıntılar olmamış, İran təhlükəsizliyinə ABŞ-dən təminat alsın və onunla anlaşıb islahatlara başlasın. Bu işdə Azərbaycan və Türkiyə ən yaxşı vasitəçi ola bilər.
- İranda demokratiyanı mümkün sayırsınızmı?
- İranda tam azad seçkilər olmasa da, müəyyən bir seçki ənənəsi formalaşıb. Bu fakt gələcək üçün ümidlər yaradır. Möhkəm və gözəl bir bina tikmək üçün yaxşı memar və mühəndislə yanaşı keyfiyyətli tikinti materialları da lazımdır. Demokratiyada da belədir. Demokratik dəyərlərə sadiq liderlərlə yanaşı, siyasi baxımdan yetkin və demokratiyanı qorumağa hazır olan vətəndaşlar olmalıdır. Bunun üçün İrana zaman lazım olacaq.