BAKI, 22 may. TELEQRAF
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən son prosesdə hökm oxunub.
Anar Əsədli 4 il 6 ay 18 gün müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən Anar Əsədli yüksək gəlir gətirəcəyi adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlarda pul alıb. O, ümumilikdə 255 min manat vəsait əldə edib. Həmin pulun müəyyən hissəsini geri qaytarıb.
Bundan başqa, Anar Əsədli Etibar Nəsirovdan ümumilikdə 8 500 manat alıb və bu məbləğdən 3 400 manat ödəniş edib.
Həmçinin Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4 250 manatını geri qaytarıb.
Zərərçəkmiş Tamara Allahverdiyevadan ümumilikdə 78 500 manat pul alıb və dəymiş ziyandan 17 min manat geri ödəniş edib.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.