BAKI, 8 dekabr. TELEQRAF

"Azərbaycan–İran münasibətləri ali və yüksək səviyyəli səfərlər sayəsində daha da güclənir".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün Bakıda iranlı həmkarı Abbas Əraqçi ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Xalqlarımız arasında dərin və möhkəm tarixi bağlar mövcuddur. Bu il iki ölkə arasında əməkdaşlıq baxımından xüsusi əhəmiyyət daşıdı. Bunun bariz nümunələrindən biri İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri oldu. Bu gün keçirilən görüşümüzdə regional təhlükəsizlik, iqtisadiyyat, siyasət və digər sahələr üzrə geniş məsələlər müzakirə olundu", - o qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycan və İran arasında ikitərəfli siyasi dialoq intensiv şəkildə davam etdirilir.

Onun sözlərinə görə, bu il iki ölkə arasında iqtisadi komissiyaların fəaliyyəti yüksək qiymətləndirilib:

“2024-cü ildə qarşılıqlı ticarət dövriyyəsi 650 milyon dollar təşkil edib, cari ilin ilk 10 ayında isə bu rəqəm 520 milyon dollara çatıb. Biz bu göstəricinin artırılması üçün atılan addımları müzakirə etdik. Bir çox layihələrin uğurla icra olunması müsbət dəyərləndirildi”.