BAKI, 1 dekabr. TELEQRAF

"Hazırda Azərbaycan–İran münasibətləri normal və stabil səviyyədədir".

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsselə səfəri çərçivəsində "EU Today"ə müsahibəsində deyib.

Prezidentin köməkçisi Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücumla bağlı yaranan diplomatik böhranın artıq həll edildiyini qeyd edib:

"Hücum edən şəxs İran qanunlarına uyğun şəkildə məsuliyyətə cəlb edilib və Azərbaycan o səhifəni tamamilə bağlayıb".

H. Hacıyev həmçinin Prezident İlham Əliyev və iranlı həmkarı Məsud Pezeşkian arasında yaxşı münasibətlərin olduğunu vurğulayıb.

O, Bakı-Tehran əlaqələrində yeni nəqliyyat layihələrinin də gündəmdə olduğunu bildirib:

"Azərbaycan-İran sərhədində, Araz çayı üzərindən inşa edilən Ağbənd-Kəlalə yolu və körpüsü 2025-ci ilin sonuna qədər struktur baxımından tamamlanacaq. Gömrük və sərhəd infrastrukturunun 2026-cı ilin əvvəllərində qurulması planlaşdırılır. Biz İranı qonşu, strateji tərəfdaş kimi görürük və iqtisadi-ticarət əlaqələrini daha da inkişaf etdirməyə ümid edirik".