BAKI, 17 oktyabr. TELEQRAF
Almaniya hökuməti avqustun 8-də Vaşinqtonda əldə olunmuş Ermənistan-Azərbaycan sülh razılaşmasının həyata keçirilməsini dəstəkləməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın Ermənistandakı səfiri Klaudia Buş Sünik bölgəsində jurnalistlərlə görüşündə bildirib.
O qeyd edib ki, Almaniya hökuməti Ermənistan və Azərbaycan arasında aparılan danışıqlarda aktiv iştirak edib, Berlində görüşlər təşkil olunub və tərəflər bu səylərə minnətdarlıq ifadə ediblər.
"İndi gələcəyə baxmalı və növbəti addımların nələr olacağını müəyyən etməliyik. Vaşinqtonda atılan addımlarda irəliləyiş görmüşük. Almaniya hökuməti bu prosesləri dəstəkləməyə hazırdır. Bu uzun bir yol olacaq, amma artıq uzun müddət ərzində sülhün qorunduğunu və toqquşmaların olmadığını görmüşük ki, bu da ümid yaradır", - səfir bildirib.