BAKI, 4 iyul. TELEQRAF

İyulun 4-də Qazaxıstanın Baş naziri Oljas Bektenov İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərə gəlib.

Teleqraf xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Qazaxıstanın Baş naziri Oljas Bektenovu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşılayıblar.

Xatırladaq ki, ECO 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb. Təşkilat 10 ölkədən ibarətdir, bir müşahidəçi üzvü var. Təşkilata Azərbaycan, Türkiyə, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan, Tacikistan və Türkmənistan daxildir. Şimali Kipr Türk Cümhuriyyəti ECO-da müşahidəçi statusunda çıxış edir.

Azərbaycan təşkilata 1992-ci ildə qoşulub.

ECO 1993-cü ildə BMT Baş Assambleyasının 48-ci sessiyasında BMT-də, 1994-cü ildə isə İslam Təşkilatı Konfransında müşahidəçi statusu alıb.