BAKI, 28 iyun. TELEQRAF
“Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu “Teleqraf” İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Rusiyada azərbaycanlı ailələr Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən basqına məruz qalıb, bir neçə nəfər qətlə yetirilib. Son zamanlarda Rusiyadakı soydaşlarımıza təzyiqlərin artdığı xəbərləri bundan əvvəl də yayılmışdı, bu hadisə isə onun təsdiqdi oldu. Nə baş verir, Rusiyada tez-tez təkrarlanan bu kimi hadisələrin izahı nədir?
- Təəssüf ki, Rusiyada belə hallar olur, miqrantlara qarşı siyasətlərini sərtləşdiriblər. Bütün millətlərin nümayəndələrinə qarşı sərt tədbirlər görülür. Azərbaycanlılar da bundan kənarda deyil, onları da sıxışdırırlar, şovinist qüvvələr soydaşlarımıza hücum edirlər.
Artıq rəsmi səviyyədə Kremldən bu məsələlərə aydınlıq gətirilməsi tələb olunub. Rusiyanın öz qanunları ola, nələrisə tələb edə bilər, amma hər şey qanun çərçivəsində olmalıdır. Kimlərinsə sənədləri qaydasında deyilsə və ya başqa məsələlər varsa, bunu sivil yolla həll etmək lazımdır.
Rusiyada təkcə azərbaycanlıların yox, Orta Asiyadan olan xalqların nümayəndələrinin restoranlarına, mərkəzlərinə və yaşayış yerlərinə də basqınlar edirlər, onları aşağılayırlar. Bu siyasətin davam etdirilməsi Rusiyanın təkcə Azərbaycanla yox, digər qonşu ölkələrlə də münasibətlərinin gərginləşməsinə səbəb ola bilər.
- Rusiyada belə hadisələrə heç vaxt dövlət səviyyəsində reaksiya verilmir, Azərbaycan və digər ölkələrin rəsmi və qeyri-rəsmi reaksiyalarını qulaqardına vururlar. Hesab etmək olarmı ki, şovinizm, diskriminasiya və milli ayrı-seçkilik elə Rusiyanın dövlət siyasətidir?
- İkisi birləşiblər – həm Rusiyadakı şovinist dairələrin, həm də buna göz yuman hakim dairələrin təxribatlarıdır. Özləri şərait yaradırlar. Belə anlaşılır ki, Rusiyanın hakim dairələri də şovinizm prinsiplərindən çıxış edirlər və digər ölkələrin xalqlarını sıxışdırırlar.
Rusiya öz problemlərini həll etsəydi, öz işçi qüvvəsi olsaydı, niyə digər xalqların nümayəndələri gəlib orada ağır işlərdə çalışırlar? Demək, boşluq olub, nəticədə Azərbaycan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin vətəndaşları ora çalışmağa gəliblər. Həmin miqrantlara və bu ölkələrin vətəndaşlarına minnətdar olmaq əvəzinə, onları sıxışdırırlar.
Deyinlərlə razıyam, sanki Rusiyadakı hakim dairələrin özləri buna şərait yaradırlar. Bundan bir siyasi təzyiq aləti kimi də istifadə edirlər. Hansı dövlətin siyasətindən narazılıqları varsa, o ölkənin Rusiyadakı vətəndaşlarını sıxışdırmağa başlayırlar. Çalışırlar ki, həmin ölkələr Rusiyanın dediyi xətlə getsinlər. Amma Azərbaycan müstəqil dövlətdir və müstəqil xarici və təhlükəsizlik siyasətimiz var.
Biz Rusiya ilə normal qonşuluq münasibətləri istəyirik, amma ölkənin hakim dairələri bu cür hallara susurlarsa, münasibətlərdə ciddi çatlar əmələ gələcək.
- Tam olaraq bu kimi addımlarda niyyət, məqsəd nədir?
- Dediyim kimi, bir təzyiq aləti kimi istifadə etməyə çalışırlar. Bəzən bu çərçivədə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz daşıyan yük maşınlarını buraxmırlar, adını da qoyurlar ki, guya mallar standartlara uyğun deyil. Əslində, Rusiya Azərbaycanın müstəqil xarici və təhlükəsizlik siyasətindən narazıdır. Bunu açıq demirlər, Rusiya rəsmiləri heç vaxt bunu sözdə deməz, əməldə göstərməyə çalışırlar, bu kimi məsələlərdən təzyiq aləti kimi istifadə edirlər. Azərbaycanı Belarus kimi sözəbaxan bir dövlətə çevirmək üçün bu yollara baş vurur.
Əbəs və boş cəhdlərdir, Azərbaycan müstəqil xarici və təhlükəsizlik siyasətindən vaz keçməyəcək. Düzdür, biz Rusiya ilə iqtisadi tərəfdaşlıqda maraqlıyıq, amma bizi bu cür sıxışdıracaqlarsa, biz də başqa bazarlar tapacağıq.
- Bu hadisə Azərbaycanın sərnişin təyyarəsinin Rusiyada vurulması məsələsini yenidən gündəmə gətirdi. Moskva hələ də bununla bağlı üzərinə düşəni etməyib. Bu haqda nə düşünürsünüz?
- Bu məsələ də həll olunmamış qalır. Düzgün üzr istənilmədi, cinayətkarlar cəzalandırılmadı, kompensasiya ödənilmədi, məsələni uzadırlar. Yəqin ki, məsələnin həllində maraqlı deyillər. Maraqlı olsaydılar, indiyədək tərəfdaşlıq naminə lazımi addımları atardılar. Vaxt gedir. Bu, tərəfdaşlıq münasibətlərinin ruhuna da uyğun deyil.
Belə çıxır ki, Rusiya Azərbaycanla münasibətləri yüksək səviyyədə saxlamaq da istəmir. Kremlə bərabərhüquqlu tərəfdaşlar yox, vassal lazımdır. Azərbaycan da heç vaxt vassal olmayacaq.
- Digər yandan, biz Rusiyanın Ermənistanda müəyyən proseslərə rəvac verdiyini görürük. Yenə də Azərbaycanın düşmənlərini aktivləşdiriblər. Köçəryan, Sərkisyan, erməni kilsəsi və Rusiyaya bağlılığı olan digər qüvvələrin fəallığı onu deməyə əsas verir ki, bu da Moskvadan idarə olunan bir prosesdir. Rusiyanın Ermənistandakı addımları nəyə hesablanıb?
- Rusiya Ermənistan siyasətində göstərir ki, ona bərabərhüquqlu tərəfdaş lazım deyil, ona vassal lazımdır. Əgər Paşinyan bundan kənara çıxırsa, Avropa İttifaqı ilə əlaqələri sıxlaşdırırsa, radikalları sıxışdırırsa və kilsəni yerində oturdursa, bu, Rusiyanın maraqlarına ziddir. Çünki Rusiya düşünür ki, kilsə və radikallar vasitəsilə Ermənistanda istədiyini edə bilər.
Paşinyan da Rusiyanın dediyini etmək istəmir, buna görə onu devirmək planını aktivləşdiriblər. Amma alınmır, Paşinyan ya Rusiyanın adamlarını həbs edir, ya da sıxışdırır.
Heç Rusiyanın Ermənistandakı adamlarının reytinqləri də yoxdur. Bir Samvel Karapetyan qalmışdı, Paşinyan onu həbs etdirdi. Rusiyapərəstlər yenidən hakimiyyətə gəlsələr, Ermənistanı yenə də Kremldən tam asılı vəziyyətə salacaqlar. Paşinyan buna qarşı çıxır. Paşinyan Azərbaycan nümunəsindən istifadə edərək, ölkənin müstəqilliyini artırmağa çalışır. Amma bu, Rusiyanın maraqlarına uyğun olmadığı üçün kilsə, radikallar və Samvel Karapetyan kimi oliqarxları hərəkətə gətirib çevriliş planlarını həyata keçirməyə çalışırlar.
- Rusiyanın Ermənistanda öz xeyrinə çevriliş etmək ehtimalı nə qədərdir?
- Gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək. Paşinyan seçkilərə qədər bu siyasətini davam etdirsə, reytinqi bir qədər düşsə də, yenə də qələbə qazana bilər. Çünki rəqiblərinin elə də ciddi reytinqləri yoxdur. Bir az erməni kilsəsi cəmiyyət daxilində nüfuzludur, amma Paşinyan kilsəyə qarşı mübarizə aparırsa, demək, nələrisə hesablayıb. Paşinyan kilsənin də nüfuzdan salmaqla, parlament seçkilərinə qədər reytiqini artırmağı düşünür.
Rusiya indiyədək Paşinyanın əleyhinə bütün kartlarından istifadə edib, amma heç biri işə yaramayıb. Ruben Vardanyanı Qarabağ göndərdilər, onu biz tutduq, Samvel Karapetyan işə yaramadı, kilsə getdikcə nüfuzunu itirir, Köçəryan və Sərkisyanın ümumiyyətlə reytinqi yoxdur. Yəni Rusiyanın Ermənistanda böyük nəticələr əldə edəcəyini düşünmürəm.