BAKI, 20 aprel. TELEQRAF
“Volodimir Zelenski dayanmasa, Ukraynanı itirəcək”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko RT-yə müsahibəsində deyib.
Belarus lideri Ukrayna Prezidenti Volodimir Zelenskini nisbətən yaxşı tanıdığını və tənqidlərinə baxmayaraq, ona rəğbət bəslədiyini qeyd edib:
“O, Ukraynanı hazır versiyada qəbul etmişdi. Bəli, bu siyasəti dəyişdirməli idi, amma dəyişdirmədi. Təcrübəsiz olduğundan prosesi idarə edə bilmədi. Nəticədə millətçilər üstünlük qazandılar. Bunun öhdəsindən gələ bilmədi. Bizdə də belə bir şey vardı, amma Tanrı mənə bunun öhdəsindən gəlməyə kömək etdi”, - o bildirib.
Lukaşenko Zelenskinin problemlərin öhdəsindən gəlmək üçün xarakter və təcrübəsinin çatışmadığını iddia edib. Belarus lideri hesab edir ki, əgər Ukraynaya “Zelenskidən daha ağıllı lider” rəhbərlik etsəydi, xalq onun yolu ilə gedərdi.
“Amma o, bunu etmədi. O vaxt lider ola bilmədi, indi də ola bilməyəcək. Başa düşməlidir ki, baş verənlərə, bu siyasətə, bu gün gedən müharibəyə görə çox baha bədəl ödəyir. Bunu başa düşməlidir, əgər dayanmasa, Ukraynanı itirəcək. Vəziyyəti ölçüb-biçmək və müvafiq nəticələr çıxarmaq lazımdır”, - Belarus Prezidenti əlavə edib.
Lukaşenko əcdadlarının Ukraynada doğulduğunu, indi Zelenskinin qərarlarının bədəlini ödəyən ukraynalılara yazığının gəldiyini iddia edib: “Zelenskini onlar prezident seçiblər. Onun təcrübəsiz olduğunu bilirdilərmi? Bəli. Onun çatışmazlıqlarını bilirdilərmi? Bəlkə də bilmirdilər. Niyə səs verdilər? Amma Zelenskini prezident seçdilər”.