BAKI, 20 aprel. TELEQRAF

“Ermənistanın Rusiya ilə münasibətləri konstruktiv transformasiya mərhələsindədir”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının seçki proqramını təqdim edərkən danışıb.

“Ermənistan Rusiya ilə qarşılıqlı faydalı, konstruktiv münasibətləri inkişaf etdirəcək. Yenə deyirəm: Rusiya ilə münasibətlərimizin əhəmiyyətini şişirtmək çətindir. Həmçinin “konstruktiv transformasiya” deyərkən nəyi nəzərdə tutduğumu izah etmək istəyirəm. Əslində, Rusiya ilə münasibətlərimiz tamamilə “Qarabağ hərəkatı” şəraitində formalaşıb. İndi isə “Qarabağ hərəkatı”nı davam etdirmədiyimiz, sülhün bərqərar olduğu, münaqişənin başa çatdığı şəraitdə münasibətlər də bu yeni məntiqə uyğunlaşdırılmalı və inkişaf etdirilməlidir.

Sadə bir misal çəkim: münaqişə şəraitində bizim Rusiya ilə heç vaxt dəmir yolu əlaqəmiz olmayıb, indi isə var. Bu, münasibətlərimizə təsir edəcəkmi? Şübhəsiz. Bu təsir konstruktiv olacaqmı? Şübhəsiz. Məhz bu məntiqlə biz yolumuzu davam etdirəcəyik.

Üstəgəl, Ermənistanda bir çox qüvvələr Rusiya ilə münasibətlərimizdə böhran və problemlər yaratmağa, təxribat törətməyə çalışırlar. Buna imkan verməyəcəyik və bütün səylərimizi Rusiya ilə konstruktiv münasibətlərin daha da inkişafına yönəldəcəyik. Məsələnin incəliyi ondadır ki, bu, balanslaşdırılmış və tarazlaşdırıcı xarici siyasət formulaları çərçivəsində baş verməlidir”, - Baş nazir bildirib.