BAKI, 28 iyun. TELEQRAF

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların evlərinə basqın zamanı beş nəfər vəhşicəsinə qətlə yetirilib. Onlar Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.

Bu, son illərdə Rusiyada vətəndaşlarımıza qarşı dövlət səviyyəsində göstərilən ilk belə "münasibət" deyil. 2021-ci ildə 19 yaşlı azərbaycanlı Vəkil Abdullayev Novosibirskdə küçədə polis tərəfindən güllələnərək öldürülmüşdü. O zaman Azərbaycandan sərt reaksiyalara baxmayaraq, qatil – Rusiya polisi cəzalandırılmamış, saymazyana şəkildə sərbəst buraxılmışdı.

Ümumiyyətlə, son illərdə Rusiya Azərbaycana qarşı xoşagəlməz addımları ilə yadda qalıb. Bunun ən dəhşətli nümunəsi Azərbaycanın sərnişin təyyarəsinin Rusiya ərazisində “Pantsir” hava hücumundan müdafiə sistemi ilə vurulmasıdır.

Xatırladaq ki, Bakı-Qroznı marşrutu ilə uçan AZAL-a məxsus sərnişin təyyarəsi ötən il dekabrın 25-də Çeçenistanda Rusiyanın hava hücumundan müdafiə sisteminin hücumuna məruz qalıb. Bundan sonra Qroznı hava limanına enişinə icazə verilməyən və uçuş istiqaməti məcburi dəyişdirilən təyyarə Qazaxıstanın Aktau şəhərində yerə çırpılıb. Olay nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Başqa sözlə, Rusiyada son dörd ildə ən azı bildiyimiz 40 nəfər vətəndaşımız öldürülüb. 2022-ci ildə Ukraynada başlayan işğalçı müharibəyə zorla aparılan, ictimailəşməyən digər FTX və polis basqınları zamanı öldürülən soydaşlarımızı da bura əlavə etsək, rəqəm xeyli böyüyəcək.

Baş verənlərin bir çox adı var: şovinizm, diskriminasiya, milli ayrı-seçkilik. İndiyədək baş vermiş bu qanlı hadisələrin ört-basdır edilməsi, cinayətkarların məsuliyyətə cəlb olunmaması bizə tam əminliklə deməyə əsas verir ki, Yekaterinburqda baş verənlər də, digərləri də idarəolunan prosesin tərkib hissəsidir. Rusiya kimi quşun da icazə ilə uçduğu bir ölkədə proses haradan idarə oluna bilər? Kremldən!

Rusiya üç ildir Ukraynaya qarşı işğalçı müharibə aparır. Bu dövrdə təkcə Ukrayna yox, Rusiya da ağır itkilər verib. Məlumata görə, Rusiya ordusu 2022-ci il fevralın 24-dən bəri 1 milyondan çox hərbçisini itirib. İndi müharibədə insan qıtlığı ilə üzləşən Rusiya rəhbərliyi ümidini bu ölkəyə dolanışıq üçün gələn miqrantlara bağlayıb. Rusiya Müdafiə Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və digər güc strukturlarının onları hansı təzyiq, şantaj və digər məcburetmə yolları ilə müharibəyə apardıqları barədə dünya mediasında saysız faktlar var.

Federasiyada yaşayan etnik azlıqlara və miqrantlara qarşı zorla müharibəyə cəlbetmə praktikalarının tətbiqi Rusiyanın qeyri-ruslar üçün dəhşətlər ölkəsi olduğunu sübut edir.

Müharibə başlayandan “Rusiya uğrunda savaş”a əsasən qeyri‑rusların səfərbər olunduğunu desək, yanılmarıq. Xüsusən də Sankt-Peterburq, Moskva və digər iri şəhərlərin hərbi qeydiyyat idarələrində dağıstanlılar, buryatlar, tuvalılar, tatarlar, özbəklər, tacikilər, azərbaycanlılar və digər xalqların nümayəndələrinə qarşı xüsusi təzyiq üsulları tətbiq olunur.

Müqaviləyə məcbur edilənlər bundan imtina edəcəyi təqdirdə ağır bədəllərlə təhdid olunur. Ağır bədəl, yəni ölüm, deportasiya, həbs, işəgəncə və sair.

Məcburi müqavilə qarşılığında Rusiya vətəndaşlığını alanlar isə bunun bəhrəsini görmədən Ukraynada ölürlər. Ukrayna bu gün “Rusiya ruslar üçündür” şüarını dövlət siyasətinə çevirmiş Kreml üçün “təmizlik funksiyası”nı yerinə yetirir. Kreml Rusiyada rusdan başqa kimsə görmək istəmədiyi kimi Rusiyasız bir dünya da təsəvvür edə bilmir. Kremlin təbliğatçısı Vladimir Solovyov canlı efirdə bunu belə ifadə etmişdi: “Nüvə silahından istifadə etməliyik, Rusiyasız dünya bizə lazım deyil”.

Rusiya şovinizmi və irqçiliyini açıq göstərən bir başqa detal: 2022‑ci ilin sentyabrında qəbul edilən qanunla yeni vətəndaşlıq alanlar hərbi xidmətə tabe sayılır.

2023‑cü ildən isə qeyri-ruslar Rusiya vətəndaşlığı almadan, sənədsiz iş icazəsi əsasında belə müqavilələr imzalamağa məcbur edilir.

2022-ci ildən bəri Sankt‑Peterburq, Yekaterinburq, İrkutsk, Moskva və digər şəhərlərdə polis və digər güc strukturlarının iş və yaşayış yerləri, eləcə də digər ictimai məkanlara basqın edərək miqrantları zorla maşınlara dolduraraq hərbi qeydiyyat şöbələrinə aparmaları adi haldır. Rusiya işğal etdiyi Ukrayna bölgələrində yaşayan 100 mindən çox insanı da zorla orduya cəlb edərək, öz vətəninə qarşı döyüşməyə məcbur edib.

Rusiyanın məqsədi müharibə ehtiyacını ödəmək və üzləşdiyi canlı qüvvə qıtlığını aradan qaldırmaqla yanaşı, bir gün ayılıb haqlı müstəqilliklərini tələb edə biləcək etnikləri zəiflətmək və mümkündürsə, yox etmək, onları ölümə göndərməklə özündən uzaqlaşdırmaqdır. Bu, etnik diskriminasiya və cinayətdir. Müharibə uzandıqca, Kreml qəzəblənir. Çünki istədiyini ala bilmir, yuxarıdan aşağı baxdığı Ukraynanı uda bilmir, bacarmır. Bir günə Kiyevi alacağından dən vuran Rusiya üç ildir Donbas bataqlığında ilişib qalıb.

Müharibə olmasa belə, miqrantların – qeyri-rusların törətmədikləri cinayətlərdə ittiham olunması, ailə üzvləri və yaxınları ilə təhdid edilməsi, öldürülməsi Rusiyada “gündəlik norma”dır. Müharibəyə gedən miqrantlar aldadılır, onlara kompensasiyalar verilmir, qayıtdıqdan sonra yenidən şantaj olunur və müharibəyə aparılırlar. Sanki Rusiyaya borcları varmış kimi… Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin miqrantların müharibəyə cəlb edilməsi ilə bağlı etirafları və açıqladığı statistikanın əsasında da bu qorcunc həqiqətlər dayanır.

Rusiya Azərbaycandan üzr istəməlidir. Ortada bir cinayət var, törədən də məlumdur. Hələ də mülki təyyarəmizin vurulmasını unutmamışıq, Rusiyanın bu məsələdə hərəkətsizliyi, bunu ört-basdır etmək cəhdlərini görürük. Qəbul edilməyəcək. Azərbaycan üzrdən başqa heç nə qəbul etməyəcək. Bu yaxınlarda Həştərxanda keçirilən tədbirə dəvət olunmuş millət vəkilimizin Rusiya ərazisinə buraxılmaması, fevralda Azərbaycanın informasiya resurslarına qarşı kiberhücumlar da Rusiyanın ölkəmizə olan münasibətini sərgiləyir.

Həmçinin Azərbaycanın öz ərazi bütövlüyünü həzm edə bilməyən Rusiya yenidən köhnə karta əl atıb. Ermənistanda radikalizm və revanşizm ideyalarının güclənməsi, Kreml sahibi Vladimir Putinin hər bayram və doğum günlərində təbrik etdiyi Köçəryan və Sərkisyanın yenidən uca səslə danışmağa başlaması, Rusiya kəşfiyyatının nəzarətində olan erməni kilsəsinin siyasi arenada boy göstərməsi də Moskvadan idarə olunan prosesdir. Məqsəd Azərbaycan və Ermənistan arasında yeni müharibə, imzalanmağa hazır olan sülh sazişinə əngəl olmaqdır.