
GƏNCƏ, 15 aprel. TELEQRAF
Müsəlman Şərqinin ən qədim qəbiristanlıqlarından biri sayılan Səbiskar məzarlığı zamanın, baxımsızlığın və biganəliyin təsiri ilə yavaş-yavaş tarixə qarışır. Gəncənin qədim köklərini özündə yaşadan bu qəbiristanlıq, Bağdaddan sonra türbələrin sayına görə ikinci yerdə qərar tutsa da, bu gün acınacaqlı vəziyyətdədir.
Araşdırmalar göstərir ki, Səbiskar qəbristanlığının tarixi Səfəvilər dövrünə qədər uzanır. Burada bir zamanlar Səfəvi şahzadəsinin türbəsi yerləşib. Lakin illər boyu nə qorunma tədbiri görülüb, nə də sənədləşmə aparılıb. Nəticədə türbənin izi belə itməklə üz-üzə qalıb.
Hazırda qəbiristanlıq ərazisində 17 türbə qorunub saxlanılıb. Halbuki 19-cu əsrin birinci yarısına qədər bu rəqəm 30-dan çox olub. Məhz bu itkilər Səbiskarın nə qədər zəngin və eyni zamanda nə qədər diqqətsiz qaldığını göstərir.
Araşdırmaçı Elçin Əsgərov bildirir ki, Gəncənin yerli ornamentləri ilə inşa olunan türbələr bənzərsiz memarlıq nümunələridir:
"Türbələr əsasən yerdən bir metr hündürlükdə tikilib. Onların üzərindəki nəqqaşlıqlar sırf Gəncə sənətkarlığının məhsuludur. Lakin ötən zaman bir çox türbə dağılıb, bəziləri isə artıq mövcud deyil. Qalanların isə təcili restavrasiyaya ehtiyacı var".
Qəbiristanlıq 6 hektarlıq ərazini əhatə edir. Burada Gəncənin tanınmış soylarından - Hacıhəvan, Hacıqasımlılar, Fətəli Xan Xoyski, Şıx Zamanlılar, Rəfibəylilər və Difai partiyasının üzvlərinə məxsus türbələr yerləşir. Onların hər biri Azərbaycanın siyasi və ictimai tarixində xüsusi yer tutur.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirib ki, Səbiskarda 2012-ci ildə ərazinin hasarlanması, 2016-cı ildə isə bəzi təmir-bərpa işləri həyata keçirilib. Lakin mövcud vəziyyət göstərir ki, bu tədbirlər yetərli olmayıb.
Səbiskar qəbiristanlığı yalnız bir məzarlıq deyil, bu, Gəncənin, Azərbaycanın yaddaşıdır. Hər dağılan türbə ilə bir parça tariximiz də torpağa qarışır.