BAKI, 17 may. TELEQRAF
"Müasir dünyada şəhərsalma siyasəti artıq yalnız memarlıq və tikinti anlayışı ilə məhdudlaşmır. Bu gün şəhərlər dövlətlərin iqtisadi gücünü, sosial rifahını, milli kimliyini, texnoloji inkişaf səviyyəsini və strateji baxışını nümayiş etdirən əsas göstəricilərdən birinə çevrilib".
Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, iqlim dəyişiklikləri, urbanizasiya, miqrasiya, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf çağırışları fonunda şəhərsalma məsələləri qlobal gündəliyin ən mühüm istiqamətləri sırasında dayanır: "Məhz bu baxımdan Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində Azərbaycanın təqdim etdiyi inkişaf modeli xüsusi maraq doğurur. Çünki Azərbaycan son illərdə dünyaya təkcə iqtisadi inkişaf nümunəsi deyil, həm də müasir, milli dəyərlərə söykənən, innovativ və humanist şəhərsalma modeli təqdim edib".
O bildirib ki, bu modelin əsasında isə ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən dövlətçilik və quruculuq fəlsəfəsi dayanır:
“Ümummilli lider Heydər Əliyev şəhərlərin və regionların inkişafını ölkənin gələcəyinə yönəlmiş strateji məsələ kimi qiymətləndirirdi. Məhz buna görə də Azərbaycanın müxtəlif bölgələrində həyata keçirilən quruculuq işləri sadəcə tikinti prosesi deyildi. Bu siyasətin məqsədi ölkənin sosial rifahını yüksəltmək, milli memarlıq ənənələrini qorumaq, regionların inkişafını təmin etmək və Azərbaycanı müasir dövlət kimi formalaşdırmaq idi. Ulu öndərin rəhbərliyi dövründə Bakı böyük inkişaf mərhələsinə qədəm qoydu. Yeni yaşayış massivləri salındı, geniş prospektlər və yollar çəkildi, sənaye müəssisələri yaradıldı, metro infrastrukturu genişləndirildi, parklar və ictimai məkanlar abadlaşdırıldı. Paytaxtla yanaşı regionların inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ən ucqar bölgələrində məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, inzibati binalar və istehsal müəssisələri tikildi. Bu yanaşma Azərbaycanın şəhərsalma siyasətində balanslı inkişaf modelinin əsasını formalaşdırdı. Ən mühüm məqamlardan biri isə milli memarlıq irsinin qorunması idi. Ulu öndər Heydər Əliyev modernləşməni milli kimlikdən ayrı təsəvvür etmirdi. O, Azərbaycanın qədim memarlıq ənənələrinin yaşadılmasını, şəhərlərin tarixi simasının qorunmasını vacib hesab edirdi. Bu baxış sonradan müstəqil Azərbaycanın şəhərsalma strategiyasında da əsas istiqamətlərdən birinə çevrildi”.
Deputat qeyd edib ki, bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir:
“Cənab Prezidentin rəhbərliyi və tapşırığı ilə Azərbaycanın bütün bölgələrində genişmiqyaslı quruculuq və abadlıq işləri həyata keçirilib, müasir infrastruktur yaradılıb, Azərbaycan faktiki olaraq yenidən qurulub. Bu gün Bakı dünyanın ən gözəl və modern şəhərlərindən biri kimi tanınır. Paytaxtın siması tamamilə dəyişib. Yeni bulvarlar, parklar, körpülər, tunellər, yol qovşaqları, sosial obyektlər, müasir yaşayış kompleksləri və beynəlxalq tədbirlərin keçirildiyi möhtəşəm məkanlar yaradılıb. Bakı artıq yalnız regionun deyil, Avrasiyanın mühüm siyasi, iqtisadi və humanitar mərkəzlərindən birinə çevrilib. Bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Tarixi-mədəni irsin qorunması, qədim memarlıq abidələrinin bərpası, sosial və humanitar layihələrin həyata keçirilməsi Azərbaycanın müasir şəhərsalma siyasətinə xüsusi estetik və mənəvi dəyər qazandırıb. Bakının tarixi hissəsinin qorunması, mədəniyyət ocaqlarının yenidən qurulması, parkların və ictimai məkanların müasirləşdirilməsi bu siyasətin mühüm tərkib hissəsidir”.

S.Salmanova əlavə edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi şəhərsalma siyasətinin əsas xüsusiyyətlərindən biri isə regionların kompleks inkişafıdır:
“Son illərdə Azərbaycanın bütün bölgələrində müasir yollar, körpülər, hava limanları, məktəblər, xəstəxanalar, idman kompleksləri, sənaye parkları və aqroparklar istifadəyə verilib. Bu gün Azərbaycanın ən ucqar kəndlərinə qədər uzanan müasir yol infrastrukturu dövlətin insan amilinə verdiyi yüksək dəyərin göstəricisidir. Lakin Azərbaycanın şəhərsalma sahəsində əldə etdiyi ən böyük nailiyyət işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən misilsiz quruculuq layihələridir. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri artıq dünya miqyasında nümunə kimi təqdim olunur. Tamamilə dağıdılmış şəhər və kəndlərin qısa müddətdə yenidən qurulması, ən müasir standartlara uyğun yaşayış məntəqələrinin yaradılması Azərbaycanın gücünü və siyasi iradəsini nümayiş etdirir. Bu gün Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Laçın və Şuşada həyata keçirilən layihələr müasir şəhərsalmanın ən qabaqcıl prinsiplərinə əsaslanır. “Ağıllı şəhər”, “ağıllı kənd”, yaşıl enerji və dayanıqlı inkişaf konsepsiyalarının tətbiqi Qarabağı dünyanın ən innovativ regionlarından birinə çevirmək məqsədi daşıyır. Xüsusilə “yaşıl enerji zonası” konsepsiyası Azərbaycanın gələcəyə hesablanmış strateji baxışını açıq şəkildə göstərir. Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının rekord müddətdə inşa olunması, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yaşayış məntəqələrinin qurulması dövlətin təşkilati imkanlarının və iqtisadi qüdrətinin real təcəssümüdür. Şuşanın tarixi-mədəni simasının qorunaraq bərpası isə Azərbaycanın milli-mənəvi dəyərlərinə bağlılığının göstəricisidir”.
Parlamentari qeyd edib ki, WUF13-ün Azərbaycanda keçirilməsi həm də Prezident İlham Əliyevin quruculuq fəlsəfəsinin beynəlxalq səviyyədə təqdimatı və təntənəsidir:
“Azərbaycanın son illərdə həyata keçirdiyi layihələr, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işləri artıq beynəlxalq ekspertlər tərəfindən çox yüksək qiymətləndirilir. Bu gün Azərbaycan yalnız inkişaf edən ölkə deyil. Azərbaycan müasir şəhərsalma düşüncəsini milli dəyərlərlə birləşdirən, insan amilini ön plana çıxaran, dayanıqlı inkişaf prinsiplərinə əsaslanan güclü dövlətdir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi quruculuq fəlsəfəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə yüksələrək Azərbaycanın müasir simasını formalaşdırır. Müasir yolları, abad şəhərləri, inkişaf edən regionları və yenidən dirçələn Qarabağı ilə Azərbaycan bu gün güclü dövlət modelinin canlı nümunəsidir. WUF13 isə bu böyük inkişaf yolunun beynəlxalq miqyasda təqdim olunduğu mühüm platformadır”.

Milli Məclisin deputatı Sevinc Fətəliyeva bildirib ki, müasir dünyada şəhərsalma artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil. Şəhərlərin necə qurulması dövlətlərin siyasi prioritetlərini, iqtisadi gücünü, sosial yanaşmasını və gələcəyə baxışını əks etdirən strateji göstəricilərdən birinə çevrilib. Bu baxımdan, Ümumdünya Şəhərsalma Forumu – WUF13-ün məhz Bakıda keçirilməsi təsadüfi deyil. Bu qərar Azərbaycanın son onilliklər ərzində keçdiyi inkişaf yolunun, həyata keçirdiyi genişmiqyaslı quruculuq siyasətinin və formalaşdırdığı müasir urbanizasiya modelinin beynəlxalq səviyyədə qəbulunun göstəricisidir".
Deputat Azərbaycanın şəhərsalma siyasətinə nəzər salarkən bir məqamı xüsusilə qeyd edib: "Ölkəmizdə quruculuq heç vaxt yalnız texniki proses kimi qəbul edilməyib. Bu siyasət hər zaman dövlət quruculuğunun, milli təhlükəsizliyin, iqtisadi inkişafın və ictimai sabitliyin tərkib hissəsi olub. Məhz buna görə də Azərbaycanın bugünkü müasir simasının təməlində dayanan əsas fəlsəfə ulu öndər Heydər Əliyevin dövlətçilik konsepsiyası ilə birbaşa bağlıdır.
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyevin mayın 10-da dərc olunmuş məqaləsində də Heydər Əliyevin şəhərsalma fəlsəfəsi məhz bu kontekstdə təqdim olunur. Məqalədə vurğulanır ki, ulu öndərin həyata keçirdiyi quruculuq siyasəti yalnız şəhərlərin böyüməsi və yeni binaların tikilməsi deyildi. Bu siyasət Azərbaycanın modernləşdirilməsi, sənaye potensialının artırılması, regionların inkişaf etdirilməsi və gələcək dövlət modelinin formalaşdırılması strategiyası idi".
Millət vəkilinin sözlərinə görə, 1969–1982-ci illərdə Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan faktiki olaraq yeni inkişaf mərhələsinə qədəm qoydu.
"Həmin illərdə sənayeləşmə prosesi sürətləndi, Bakı ilə yanaşı digər şəhərlərdə də yeni istehsal müəssisələri yaradıldı, yaşayış massivləri salındı, nəqliyyat infrastrukturu genişləndirildi. Metro xətlərinin inkişafı, yolların çəkilməsi, sosial və mədəni obyektlərin tikintisi Azərbaycanın urbanizasiya tarixində mühüm dönüş yaratdı. Lakin Heydər Əliyevin yanaşmasını fərqləndirən əsas xüsusiyyət yalnız paytaxtın inkişafına deyil, regionların balanslı şəkildə böyüməsinə xüsusi diqqət yetirməsi idi.
O dövrdə bölgələrdə yaradılan sənaye müəssisələri, sosial obyektlər və infrastruktur layihələri sonrakı illərdə regional inkişaf modelinin əsasını formalaşdırdı. Əslində, bu yanaşma Azərbaycanın gələcək iqtisadi və sosial sabitliyinin strateji təminatı idi".
Sevinc Fətəliyeva qeyd edib ki, 1993-cü ildə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev artıq tamamilə fərqli reallıqla qarşılaşmışdı. Ölkə siyasi böhran, iqtisadi tənəzzül və müharibənin ağır nəticələri ilə üz-üzə idi. Belə mürəkkəb şəraitdə dövlət institutlarının qorunması ilə yanaşı, gələcək inkişaf strategiyasının formalaşdırılması həyati əhəmiyyət daşıyırdı. Məhz həmin dövrdə həyata keçirilən neft strategiyası Azərbaycanın gələcək modernləşməsinin iqtisadi bazasını yaratdı. Bakı şəhərinin simasında dəyişikliklər başladı, beynəlxalq investisiyalar cəlb edildi, iri infrastruktur layihələrinin əsası qoyuldu.
"Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu siyasət keyfiyyətcə yeni mərhələyə keçdi. Son 20 ildən artıq müddətdə Azərbaycan faktiki olaraq yenidən quruldu. Təkcə iqtisadi göstəricilər deyil, ölkənin vizual və funksional siması da dəyişdi. Yeni magistral yollar, beynəlxalq hava limanları, körpülər, tunellər, sosial obyektlər, parklar, bulvarlar və ictimai məkanlar Azərbaycanın müasir inkişaf modelinin əsas elementlərinə çevrildi" - deyən Sevinc Fətəliyeva əlavə edib ki, bu gün Bakının siması artıq postsovet şəhərindən daha çox müasir qlobal şəhər modelini xatırladır.
"Şəhərdə həyata keçirilən abadlıq işləri, nəqliyyat sisteminin modernləşdirilməsi, ictimai məkanların genişləndirilməsi, yaşıl zonaların artırılması urbanizasiya siyasətinin strateji xarakter daşıdığını göstərir. Eyni zamanda, regionlarda həyata keçirilən layihələr ölkədaxili inkişaf balansının qorunmasına xidmət edir. Bu prosesdə Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Tarixi-mədəni irsin qorunması, memarlıq abidələrinin bərpası, sosial-humanitar layihələrin həyata keçirilməsi Azərbaycanın şəhərsalma siyasətinə humanitar və mədəni ölçü qazandırıb. Bu yanaşma urbanizasiyanı yalnız infrastruktur layihələri deyil, insan amili üzərində qurulan inkişaf modeli kimi təqdim edir.
Lakin Azərbaycanın quruculuq siyasətinin ən mühüm və strateji istiqaməti işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələridir. Qarabağ və Şərqi Zəngəzurda aparılan işlər artıq beynəlxalq ekspertlər tərəfindən postmünaqişə dövrünün ən böyük quruculuq proqramlarından biri kimi qiymətləndirilir. Burada söhbət yalnız dağıdılmış şəhərlərin yenidən tikilməsindən getmir. Azərbaycan tamamilə yeni urbanizasiya modeli formalaşdırır. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji zonalarının yaradılması, müasir rəqəmsal infrastrukturun qurulması göstərir ki, Qarabağ sadəcə bərpa edilmir, gələcəyin şəhər modeli qurulur"- deyə deputat vurğulayıb.
Onun sözlərinə görə, Ağdam, Füzuli, Zəngilan, Laçın və Şuşada həyata keçirilən layihələr artıq Azərbaycanın siyasi iradəsinin, iqtisadi imkanlarının və strateji baxışının göstəricisinə çevrilib. Bu şəhərlərin bərpası həm də dövlətin milli yaddaşı, suverenliyi və gələcəyə baxışı ilə bağlı siyasi mesaj daşıyır. Məhz bu baxımdan WUF13 forumu Azərbaycan üçün sıradan beynəlxalq tədbir deyil. Bu forum Azərbaycanın son onilliklərdə formalaşdırdığı inkişaf modelinin beynəlxalq təqdimatıdır. Eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi quruculuq və modernləşmə siyasətinin qlobal səviyyədə qəbulunun göstəricisidir.
"Bu gün dünya sürətli urbanizasiya, iqlim dəyişiklikləri, sosial bərabərsizlik və postmünaqişə problemləri ilə qarşı-qarşıyadır. Belə bir dövrdə Azərbaycanın təqdim etdiyi model xüsusilə diqqət çəkir. Çünki burada şəhərsalma yalnız infrastruktur layihəsi deyil, dövlətin siyasi strategiyasının, sosial məsuliyyətinin və milli inkişaf konsepsiyasının ayrılmaz hissəsi kimi təqdim olunur. WUF13 isə məhz bu modelin beynəlxalq miqyasda nümayiş etdiriləcəyi mühüm platforma olacaq" - deyə Sevinc Fətəliyeva vurğulayıb.