BAKI, 17 may. TELEQRAF
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, Belqrad və Bakı hərbi-texniki əməkdaşlığı, eləcə də enerji sahəsində birgə layihələri inkişaf etdirməyə davam edəcək.
Teleqraf xəbər verir ki, Vuçiç bu barədə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunlarına dair açıqlamasında danışıb.
Serbiya liderinin sözlərinə görə, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq sahəsində indiyədək əldə olunan nəticələrdən daha böyük irəliləyiş əldə etmək mümkündür.
“Düşünürəm ki, hərbi-texniki əməkdaşlıqda artıq əldə etdiyimiz nəticələrdən, xüsusilə “Nora” özüyeriyən artilleriya qurğuları və digər layihələrlə bağlı razılaşmalardan daha böyük uğurlar qazana bilərik”, - deyə Vuçiç bildirib.
O qeyd edib ki, Azərbaycana səfəri Serbiya üçün böyük əhəmiyyət daşıyır və yaxın zamanda yeni əməkdaşlıq istiqamətlərinin açılacağına inanır.
Vuçiç həmçinin bildirib ki, tərəflər Serbiyanın cənubundakı Niş şəhəri yaxınlığında 500 meqavat gücündə qaz-turbin elektrik stansiyasının tikintisinə 2027-ci ildə başlaya bilər.
Layihənin 2030-cu ildə istifadəyə verilməsi planlaşdırılır.