BAKI, 17 may. TELEQRAF

Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) indiyə qədər təşkil olunmuş ən genişmiqyaslı sammit olacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bu barədə “Euronews” telekanalının tədbirlə bağlı hazırladığı məlumatda bildirilir.

Qeyd edilib ki, bu nüfuzlu tədbirin Azərbaycanda təşkili ölkəmizin qlobal platformada mühüm regional mərkəz statusunu və beynəlxalq miqyasda qazandığı böyük etimadı bir daha təsdiqləyir.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov telekanala müsahibəsində bildirib ki, bu forum ölkənin beynəlxalq nüfuzunu gücləndirməklə yanaşı, həm də şəhərsalma və mənzil sektorunda dayanıqlılıq mövzusundakı qlobal müzakirələrdə Azərbaycanın öz potensialını nümayiş etdirməsi üçün unikal bir şansdır.

Məlumatda Bakının belə bir mötəbər sammit üçün ən ideal məkan seçildiyi xüsusi vurğulanır.

İsveçrənin memarlıq və şəhərsalma üzrə ixtisaslaşmış “SA Partners” şirkətinin təsisçi tərəfdaşı Tomas Kovari qeyd edib ki, Bakı qədim tarixi irsini daxili memarlığında qoruyub saxlamaqla bərabər, həm də sürətlə müasirləşən və innovativ şəhər strukturunu özündə birləşdirən bənzərsiz bir mərkəzdir.

Xüsusilə Azərbaycanın postmünaqişə dövründə Qarabağ bölgəsində reallaşdırdığı bərpa və yenidənqurma layihələri qlobal birliyin diqqət mərkəzindədir. Ölkəmiz həmin ərazilərdə əlverişli mənzil təminatı, dayanıqlı inkişaf və “ağıllı şəhər” konsepsiyalarını tətbiq etməklə şəhərlərin yenidən qurulması sahəsində dünya üçün mühüm bir təcrübə formalaşdırır.

BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) xəbərdarlığına görə, hazırda dünyada 1 milyarddan çox insan qeyri-formal yerlərdə və gecəqondularda yaşayır və təxirəsalınmaz tədbirlər görülməzsə, 2050-ci ilə qədər bu rəqəm 3 milyarda çata bilər.

UN-Habitat-ın Azərbaycandakı Ofisinin rəhbəri Anna Soave bildirib ki, mənzil böhranı birbaşa olaraq şəhərlərin gələcəyi, iqlim dəyişikliklərinə davamlılıq və insanların sosial-iqtisadi rifahı ilə bağlıdır. Məhz bu səbəbdən Bakı sammiti hökumətlər, şəhər rəhbərləri, biznes dairələri və ekspertlər üçün praktik həll yollarının tapılacağı əvəzsiz bir platformaya çevriləcək.