BAKI, 17 may. TELEQRAF

Ötən il Slovakiyada imkansız vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması və mənzillərin modernləşdirilməsi məqsədilə 400 milyon avrodan çox investisiya ayrılıb.

Teleqraf xəbər verir ki, bu barədə Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində bildirib.

Planetin xilası naminə atılan addımların yoxsul insanların rifahına zərbə vurmamasının vacibliyini diqqətə çatdıran T.Taraba, rəsmi Bratislavanın bu sahədəki uğurlu təcrübəsini bölüşüb:

“Ötən il Slovakiyada imkansız vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması və mənzillərin modernləşdirilməsi məqsədilə 400 milyon avrodan çox investisiya ayrılıb. Həyata keçirilən dövlət proqramı çərçivəsində 27 min ev tamamilə yenidən qurulub. Bu addım həm enerji səmərəliliyini artırmağa, həm də əhalinin kommunal xərclərini minimuma endirməyə imkan yaradıb. Eyni zamanda, ölkədə fəaliyyət göstərən xüsusi dövlət agentliyi vasitəsilə vətəndaşlara mülklərini təmir etmək üçün aşağı faizli güzəştli kreditlər təklif olunur”.

Çıxışının sonunda Avropa İttifaqında tətbiqi planlaşdırılan və emissiya xərclərini birbaşa yaşayış qiymətlərinə daxil edən “ETS2” sisteminə toxunan T.Taraba, qərarlar qəbul edilərkən aztəminatlı insanların müdafiəsinin əsas götürülməsini və bu qlobal platformada reallıqların açıq şəkildə müzakirə edilməsinin zəruriliyini vurğulayıb.