BAKI, 17 may. TELEQRAF

Qətərin Baş naziri və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani İran, BƏƏ və Pakistan rəsmiləri ilə telefon danışıqları apararaq regiondakı vəziyyət və ABŞ-İran atəşkəsini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Qətər Baş naziri Pakistanın Baş naziri Şahbaz Şəriflə söhbəti zamanı İslamabadın vasitəçilik səylərini yüksək qiymətləndirib.

O bildirib ki, Pakistanın təşəbbüsləri ABŞ və İran arasında atəşkəsin əldə olunmasına töhfə verib.

Şeyx Məhəmməd bin Əbdülrəhman Al Tani Dohanın Pakistanın sülh təşəbbüsünü tam dəstəklədiyini vurğulayaraq bütün tərəfləri genişmiqyaslı sülh razılaşmasına nail olmaq üçün dialoqa çağırıb.

BƏƏ-nin xarici işlər naziri şeyx Abdullah bin Zayed Al Nəhyanla danışığında isə Qətər Baş naziri “Baraka” Atom Elektrik Stansiyasına pilotsuz uçuş aparatları ilə edilən hücumu qəti şəkildə pisləyib.

O, Abu-Dabiyə tam həmrəylik ifadə edib və BƏƏ hakimiyyətinin ölkənin suverenliyi və strateji obyektlərinin təhlükəsizliyi üçün gördüyü tədbirləri dəstəklədiyini bildirib.

İranın xarici işlər naziri Abbas Əraqçi ilə müzakirələr zamanı isə Qətər Baş naziri Hörmüz boğazından təzyiq vasitəsi kimi istifadə edilməsinin qəbuledilməz olduğunu qeyd edib.

O vurğulayıb ki, gəmiçilik azadlığı müzakirə olunmayan prinsipdir və boğazın bağlanması region ölkələrinin həyati maraqlarını təhlükə altına qoyaraq böhranı daha da dərinləşdirə bilər.