BAKI, 17 may. TELEQRAF

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi nazirinin müavini Ömər Bulut Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ömər bəy, siz qısa söhbətimiz zamanı dediniz ki, Qarabağda birgə yeni layihələr mümkündür. Azərbaycanla əməkdaşlıq hansı sahələri əhatə edə bilər?

- Azərbaycan hökuməti artıq Qarabağda layihələr həyata keçirib. Biz Azərbaycanla daha çox təcrübə və məlumat mübadiləsi aparırıq. Prezident İlham Əliyevin bölgədə çox ciddi layihələr başladıb.

Əvvəllər bu torpaqlarda yaşamış azərbaycanlılar da artıq Qarabağa qayıdırlar. Hazırda Qarabağda yeni əməkdaşlıqlarla bağlı birbaşa tələb yoxdur, amma daim əlaqədəyik. Bölgədə infrastruktur, yollar, nəqliyyat, hava limanları kimi layihələrdə Türkiyə artıq iştirak edib. Gələcəkdə də imkan yaranarsa, əməkdaşlıq davam edəcək. Çünki Türkiyə ilə Azərbaycanın arasında fərq yoxdur.

- Türkiyənin Antalya şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransının 31-ci sessiyasına (COP31) hazırlığı necə gedir?

- 2024-cü ildə Azərbaycanda uğurlu COP29 prosesi baş tutdu. Orada çox mühüm qərarlar qəbul etmişdik. İndi isə, biz COP31-i təşkil edəcəyik. Bu istiqamətdə azərbaycanlı həmkarlarımızın COP29 təcrübəsindən faydalanırıq.

COP31-in daha uğurlu keçməsi üçün Azərbaycan tərəfi dəstək göstərir, buna görə minnətdarıq.

Əlbəttə, belə bir məqam var: bu günə qədər COP-lar daha çox qərarların qəbul edildiyi, amma tətbiqin zəif olduğu tədbirlər idi. Buna görə də ətraf mühit və şəhərsalma nazirimiz, COP prezidenti kimi xüsusilə vurğulayır ki, Antalyada keçiriləcək COP daha çox praktik tətbiqlərə yönəlmiş olsun.

- Türkiyənin Hatay təcrübəsindən çıxış edərək, iqlimə davamlı və ağıllı şəhər modellərinin digər ölkələrdə tətbiqində əsas çətinliklər nələrdir?

- Əslində, davamlı şəhərlər deyəndə biz yalnız möhkəm tikililəri nəzərdə tutmuruq. “Ağıllı şəhərlər” dediyimiz anlayış insan həyatını asanlaşdıran şəhərlərdir. Belə şəhərlərdə nəqliyyat rahat olmalı, səhiyyə xidmətləri əlçatan olmalı, infrastruktur işlək vəziyyətdə olmalı, enerji sərfiyyatı minimum səviyyədə qurulmalıdır. Məqsəd insanların həyatını daha rahat etməkdir.

Bunları həyata keçirdikdə, əslində iqlimə davamlı şəhərlər də avtomatik şəkildə formalaşır. Cəmiyyət isə haqlı olaraq soruşur: bunlar həqiqətən həyata keçirilirmi?

Təbii ki, arzumuz budur ki, heç bir ölkənin başına fəlakət gəlməsin. Biz təəssüf ki, 11 vilayətimizi əhatə edən çox ciddi zəlzələ ilə üzləşdik. Ən çox zərər görən bölgələrdən biri Hatay idi. Hatay demək olar ki, yenidən quruldu. Orada yüz minlərlə yeni yaşayış sahəsi inşa edildi. Tikdiyimiz bütün evlər iqlimə davamlı, karbon emissiyasını azaldan, enerji səmərəliliyinə malik, təmizləmə sistemləri və sıfır enerjili bina prinsiplərinə uyğun layihələr idi.

Biz bunu bəlkə də zəlzələdən sonra təcrübə etdik. Amma ümid edirəm ki, digər ölkələr belə fəlakətlərlə qarşılaşmadan bizim təcrübələrimizdən istifadə edərək iqlimə davamlı və sosial baxımdan dayanıqlı yaşayış layihələrini öyrənəcəklər.

- Qarabağda həyata keçirilən layihələr fonunda ənənəvi memarlıqla müasir "ağıllı şəhər" (smart city) yanaşmasının balansını necə müəyyən edirsiniz və bu modelin gələcək şəhərsalma strategiyalarına təsiri nə olacaq?

- Bir il əvvəl Qarabağda mənzil məsələləri ilə bağlı forumda iştirak etdik. “Smart” anlayışı əslində yalnız yüksək texnologiya demək deyil. Əsas məsələ ənənələri qoruyaraq müasir ehtiyacları qarşılamaqdır. Mən Şuşada həyata keçirilən layihələrin həqiqətən “smart” olduğunu düşünürəm.

Binalar bəlkə klassik görünür, tarixi memarlıq qorunur. Amma onların təbiətlə uyğunluğu, enerji sərfiyyatı, infrastrukturu və mədəniyyətin yaşadılması həmin layihələri “ağıllı” edir. Azərbaycanda da artıq belə “smart city” layihələri həyata keçirilir.

Türkiyə və Azərbaycanda bu istiqamətdə əlbəttə ki, bundan sonra fərqli yanaşmalar olmayacaq. Çünki bu layihələr bugünkü ehtiyacları və dəyərləri qoruyaraq hazırlanır. Modası keçəcək layihələr isə tarixini, mədəniyyətini unudan, insanlara yad görünən layihələrdir.

Nə Azərbaycan, nə də Türkiyə belə düşüncə ilə hərəkət edən ölkələr deyil. Biz tarixini, mədəniyyətini, məhəlləsini, qonşuluq münasibətlərini qoruyan, eyni zamanda texnologiyadan istifadə edən və dünyanı mümkün qədər az çirkləndirən layihələr hazırlayan ölkələrik. Buna görə də gələcək layihələrin hamısı bu yanaşma üzərində qurulacaq.

Bəziləri buna “smart city”, bəziləri “davamlı şəhərlər”, bəziləri isə “könüllü şəhərlər” deyir. Amma bu layihələr davam edəcək.