BAKI, 17 may. TELEQRAF

Müasir tariximizdə şəhərlərin yenidən qurulması, icmaların bərpası və mənzilin təkcə əsas ehtiyac deyil, həm də qayıdışın, sabitliyin və uzunmüddətli inkişafın əsas hərəkətverici qüvvəsi olduğu yeni yaşayış mühitlərinin yaradılması istiqamətində geniş işlər həyata keçirilir.

Teleqraf xəbər verir ki, bu barədə WUF13-ün Milli Koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparatı rəhbərinin müavini Gülşən Rzayeva Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində panel sessiyada çıxışında deyib.

O qeyd edib ki, xüsusilə şəhər transformasiyası və yenidənqurma kontekstində mənzil məsələsi istənilən milli bərpa və planlaşdırma səylərinin mərkəzində dayanmalıdır:

“Eyni zamanda hamımız qəbul edirik ki, “yaşayışın təminatı” (housing) iqtisadi inkişafla sıx bağlıdır. O, məşğulluğu, məhsuldarlığı və uzunmüddətli iqtisadi artımı dəstəkləyir. Yaşayış təminatı şəhərlərin necə fəaliyyət göstərdiyini, imkanların necə yaradıldığını və formalaşdırıldığını müəyyən edir. Buna görə də mənzil sistemlərinin iqtisadiyyatın bütün sahələrini necə daha yaxşı əhatə edə biləcəyinə, eləcə də innovativ maliyyələşdirmə və planlaşdırma yanaşmalarının daha əlçatan və dayanıqlı həllərin təqdim edilməsinə necə kömək edə biləcəyinə diqqət yetirmək vacibdir.

Biz həmçinin anlayırıq ki, yaşayış yerləri iqlim fəaliyyəti və dayanıqlılıqla sıx bağlıdır, demək olar ki, bir-birindən ayrılmazdır. Mənzilin planlaşdırılması, tikintisi və idarə olunması üsulu ətraf mühitə, şəhərlərimizin dayanıqlılığına və sağlamlığına birbaşa təsir göstərir. Bu gün burada və forum çərçivəsində başladığımız müzakirələr bir-biri ilə sıx əlaqəlidir və mənzil məsələsinin çoxşaxəli mahiyyətini əks etdirir”.

G.Rzayeva əlavə edib ki, yaşayışın təminatı insanlardan və onların rifahından bəhs edir:

“Bu, yoxsulluğun azaldılması, sosial inklüzivlik və sosial mobillik imkanlarının gücləndirilməsi deməkdir. Bütün bu müzakirələr birlikdə göstərir ki, hörmətli çıxışçılar tərəfindən də vurğulandığı kimi, mənzil yalnız infrastruktur məsələsi deyil. Bu, insanlar, imkanlar, dayanıqlılıq, sağlamlıq və vətəndaşlarımız və icmalarımız üçün qurmaq istədiyimiz gələcək deməkdir. WUF 13-ün geniş proqramı, UN-Habitat ilə sıx tərəfdaşlıq və bu gün həm fiziki, həm də onlayn iştirak edən bütün tərəfdaşların öhdəliyi sayəsində dialoqdan praktik və icra oluna bilən addımlara keçmək üçün güclü imkanımız var”.