Bu gün Nizami Kino Mərkəzində "Bizim kino günləri" layihəsi çərçivəsində "Yarımçıq xatirələr" filmi nümayiş olunub.

Teleqraf.com xəbər verir ki,mərasimdə "Azərbaycanfilm" in direktoru Müşfiq Hətəmov,kinorejissor Cəmil Quliyev,filmin rejissoru Elxan Cəfərov və ekran əsərinin yaradıcı heyəti iştirak edib.Cəmil Quliyev milli kinomuzda vətənpərvər müasirimizin yaradılması,Qarabağ müharibəsinin qəhrəmanlıq səhifələrinin bədii və sənədli kino dili ilə canlandırılması barəsində danışıb.Onun sözlərinə görə kinomuz hər zaman bu mövzuya xüsusi həssaslıqla yanaşıb: "Sovetlərin zamanında vətənpərvərlik mövzusu İkinci Dünya Müharibəsinin simasında öz əksini tapırdı. Və bu aspektdə Azərbaycan kinosunun uğurlu ekran əsərləri var idi. Bu filmlər Azərbaycan xalqının İkinci Dünya Müharibəsindəki şücaətindən, qəhrəmanlığından bəhs edirdi.Müstəqillik qazanandan sonra isə əsas istiqamətimiz Qarabağ mövzusunda film çəkmək oldu.Bəzi filmlərimiz isə Belorusiya kinematoqrafçıları ilə birgə ərsəyə gəlib. Onlardan biri də bu gün təqdim olunan "Yarımçıq xatirələr"ekran əsəridir. Filmdə çox maraqlı yaradıcı heyət çalışıb. Və deyərdim ki,bu mövzuda çəkilən ən yaxşı filmlərdən biridir.Filmdə yalnız Qarabağ müharibəsi deyil, İkinci Dünya Müharibəsi də əks olunub".

Daha sonra film təqdim olunub.

Nümayişdən sonra rejissor Elxan Cəfərov jurnalistlərin suallarını cavablandırıb. Filmin yaranma ideyasından danışan rejissor hər şeyin bir məktubdan başladığını deyib: “Hər şey moskvalı belorus Konstantin Vorobyov bizə göndərdiyi məktubdan başladı. O məktubda yazırdı ki, Brest qalasında çoxlu azərbaycanlılar döyüşüb, qəhrəmancasına həlak olublar. İstərdim ki, onlar haqda müştərək film çəkək. Bir qədər araşdırdıqdan sonra bir nəfər tarixi şəxsiyyəti - balakənli Daniel Abdullayevi tapdıq. Tarixə əsasən o məhz döyüş zamanı komandirliyi öz üzərinə götürüb, hətta əsir də düşüb. Biz çox konkretləşdirmək istəmədik, çünki bədii yaradıcılıqda bunu etmək olar. Biz filmdə azərbaycanlı bir obrazın olmasına çalışdıq. Niyə Azər? Çünki Azərbaycanlıyıq. İbrahimov isə İbrahim peyğəmbərə ithafən seçilib”.

Rejissor Azər İbrahimov roluna aktyor Bəhruz Vaqifoğlunu çəkməsinin səbəblərinə də aydınlıq gətirib: “Filmdə qəhrəman- Azər İbrahimovun gəncliyini aktyor Bəhruz Vaqifoğlu oynayır. Bəhruzu təsdiqləyə qədər axtarışlar aparmışdım. Amma hər zaman hiss edirdim ki, çəkmək istədiyim aktyor elə indi, bu saat qarşıma çıxacaq. Bir gün toy məclisində idik, orda Bəhruzu gördüm, onun simasındakı nur çox xoşuma gəldi. Və çox şadam ki, Bəhruzu çəkdim. Deyim ki, belorus aktyorlarları çox güclüdür və onların yanında kolleqa kimi dayanmaq çox çətin idi. Bəhruz bu işin öhdəsindən layiqincə gəldi”.

Nərmin