BAKI, 1 may. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarənin təşkilatçılığı ilə növbəti praktiki-maarifləndirici tədbir keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət general-mayoru Vaqif İbrahimov, Akademiyanın rəis müavini polkovnik-leytenant Tamerlan Allahverdiyev, FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin əməkdaşları və kursantlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Akademiyanın rəis müavini polkovnik-leytenant Tamerlan Allahverdiyev çıxışında görüşün əhəmiyyətindən danışıb, nəzəri biliklərin praktiki təcrübə ilə uzlaşdırılmasının təhsil prosesinin əsas prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, həmçinin Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyəti ilə yaxından tanışlığın kursantların gələcək xidmət istiqamətlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayacağına əminlik ifadə edib.
Daha sonra çıxış edən daxili xidmət general-mayoru Vaqif İbrahimov Dövlət Yanğın Nəzarəti Xidmətinin fəaliyyəti, əsas vəzifə və funksiyaları, yanğın təhlükəsizliyi qaydaları, xidmətin iş prinsipləri və şəxsi heyətin üzərinə düşən məsuliyyət barədə ətraflı məlumat verib. O, həmçinin yanğın təhlükəsizliyinə dair qüvvədə olan qanunvericiliyin praktikada tətbiqi mexanizmlərindən söz açıb, görülən işlərdən, bu sahədə əldə olunan nəticələrdən və profilaktik tədbirlərin əhəmiyyətindən danışıb.
İnteraktiv formatda keçirilən tədbir zamanı kursantlar fəallıq nümayiş etdirib, onları maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb.