Bakının Binəqədi rayonu ərazisindəki “Zəngəzur” şadlıq evində kütləvi zəhərlənmə hadisəsi ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, avqustun 8-də Binəqədi rayonunda yerləşən “Zəngəzur” şadlıq evində toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər şəxs, o cümlədən 15 uşaq yardım üçün tibb müəssisələrinə müraciət edib.
Müraciət edənlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilib. Hazırda 41 nəfərin müalicəsi davam edir, onların vəziyyəti kafidir.
Araşdırma zamanı müəyyən edilib ki, qida zəhərlənməsinə şübhəli məhsul kimi “paytaxt salatı” ehtimal olunur.
Teleqraf.com saytının əməkdaşı toy sahibi Əlibaba Əliyevlə danışıb.
Əlibala Əliyev bildirib ki, “Zəngəzur” şadlıq evində avqustun 8-də qızının toyu olub, toydan sonra gecəyarı ailə üzvlərində ürəkbulanma, qusma başlayıb, onların hərarəti qalxıb və təcili xəstəxanaya çatdırılıblar: “O gecədən indiyə ancaq xəstəxanaya xəstə daşımaqla məşğuluq. Hazırda Tibbi Kliniki Mərkəzdəyəm, burada xəstələrimizin sayı 40 nəfəri ötüb, ümumilikdə isə zəhərlənənlərin sayı 100 nəfərdən çoxdur. Dayanmadan qohum-əqrəbadan zəng edirlər, sancılardan, ürək bulanmasından şikayətlənirlər.
Toydan əlavə 500 manat pul qalmışdı, onu da ancaq xəstələrin daşınmasına sərf etmişik. Ailə üzvlərimdən həyat yoldaşım, qızım, nəvəm, kiçik oğlum zərər görüb. Kiçik oğlum hazırda “Şərq” bazarının yaxınlığındakı 7 saylı xəstəxanada yerləşdirlib. Vəziyyəti yaxşı deyil. Bəylə gəlin yemək yeməyiblər, onların vəziyyəti normaldır.
Mən də ayaq üstə olmuşam, qonaqları qarşılamışam, deyə , yemək dadmamışam. Bilmirəm qonaqlar hansı səbəbdən bu vəziyyətə düşüblər?”
Əlibala Əliyev şadlıq evinin rəhbərliyi ilə müqavilə bağlayıb-bağlamadığı sualına cavabda bildirib ki, belə bir müqavilədən xəbərsizdir: “Mənə heç bir müqavilə göstərilməyib. Bir ay öncə menyuya baxmışam, aparıb evdə ailəmə göstərmişəm, məsləhətləşib, “Zəngəzur”da toy etməyə qərar vermişik. İndiyədək hansısa toyda müqavilə bağlanması haqqında eşitməmişəm”.
Əlibala Əliyev ölüm hadisəsinin olacağından ehtiyat etdiyini deyib: “Mən istəyirəm ki, bu hadisə ilə bağlı hüquq-mühafizə orqanları tədbir görsünlər. Təcili yardıma bir müraciət olanda polis orqanları xəbər tutur. Bu məsələ böyüyüb. Mən eşitdim ki, Səhiyyə Nazirliyi də işə qarışıb. Güman edirəm ki, bir tədbir görülər”.
Qeyd edək ki, toy mərasimlərində bu cür kütləvi zəhərlənmələr birinci dəfə deyil. Bir qayda olaraq şadlıq evlərinin rəhbərliyi toy sahibi ilə müqavilə bağlamır, hətta buna toy sahibi maraqlı olsa da, müxtəlif bəhanələrlə müqavilə bağlamaqdan yayınırlar. Halbuki Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Şadlıq saraylarının təsnifatı və qaydalar" (AZS 746-2012) dövlət standartı müəyyən edib və 1 mart 2013-cü ildən bu standartın tətbiqinə başlanıb. Şadlıq sarayı ilə istehlakçı arasında müqavilə bağlanması standartın mütləq tələblərindəndir.
Standartda yeməklərin hazırlanmasına, qabların yuyulmasına, masa örtükləri və dəsmallara, xidmət dəstinə, ümumi sanitariya norma və qaydalara, xammalların anbarda saxlanmasına aid tələblər də yer alır.
Dövlət standartı toy sahibini kifayət qədər qane edəcək sənəd olsa da, bu cür hadisələr bir daha sübut edir ki, əslində heç nə dəyişməyib.
Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib ki, hadisə araşdırılır.
Sevil HİLALQIZI